Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Belə ki, Sərəncamda bəzi təhsil institutlarının ali təhsil müəssisələrinin tabeliyinə verilməsi qeyd edilib.
AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis, UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli bu addımın təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyini bildirib:
“Bəzi təhsil institutlarının ali təhsil müəssisələrinə birləşdirilməsi ilə optimallaşma prosesi həyata keçiriləcək. Ona görə də hesab edirəm ki, bu çox təqdirəlayiq bir addımdır. Həmçinin burada aparılacaq elmi tədqiqatların birbaşa universitetlərin tabeliyinə verilməsi çox faydalı olacaqdır. Düşünürəm ki, bu addım təhsilin keyfiyyətinə müsbət təsir edəcəkdir.
Belə bir qərarın verilməsini müsbət qarşılayıram. Əsas məsələdə ondan ibarətdir ki, sonunda elm və təhsilin inteqrasiya olunması, elmi tədqiqat institutunda alınacaq elmi nəticələrin birbaşa universitetin təhsilinə inteqrasiya edilməsi müsbət bir haldır. Burada tədqiqat institutunda fəaliyyət göstərən professorların və elm adamlarının birbaşa təhsil auditoriyalarında əldə etdikləri nəticələri və transformasiya etmələri təhsilin keyfiyyətinə müsbət təsir edəcəyinə inanıram”, - deyə fikrini tamamlayıb.