Amerikalı neyrofizioloqlar tam iflic olan insanların fikirlərini oxumaq və onları real vaxt rejimində kompüter ekranında göstərmək və ya neyron şəbəkəsi və dinamiklərdən istifadə edərək minimal gecikmə ilə səsləndirmək qabiliyyətinə malik neyrointerfeys hazırlayıblar. Bu yenilik xəstələrə itirilmiş nitq qabiliyyətini bərpa etməyə imkan verəcək.
AzEdu.az xəbər verir ki, bu barədə "Nature Neuroscience" məlumat verib.
"Biz beynin nitq səslərinin formalaşmasına cavabdeh olan bölgələrinin fəaliyyətinin yüksək dəqiqliklə ölçülməsi nəticəsində əldə edilən siqnallardan insan nitqini deşifrə etməyə qadir olan sistem yaratmışıq. Sistemimiz mindən çox sözü bu üsulla minimum gecikmə ilə tanımaq, onları ekranda göstərmək və eyni zamanda, dinamiklərdən istifadə etməklə tələffüz etmək qabiliyyətinə malikdir", - araşdırmada qeyd olunub.
Orta hesabla, bu alqoritm dəqiqədə təxminən 48 sözü deşifrə etməyə qadirdir ki, bu da daha əvvəl əldə edilən nəticədən bir neçə dəfə yüksəkdir. Alimlər ümid edirlər ki, bu, iflic olan insanların başqaları ilə rahat ünsiyyət qurmaq qabiliyyətini bərpa edəcək neyron interfeyslərin inkişafını sürətləndirəcək.