Bu gün Ümumdünya Tarixçilər Günüdür. Tarixçilər yalnız keçmişi yazan deyil, bir xalqın ruhunu yaşadan, xalqın yaddaşını qoruyan insanlardır. Onlar bir zamanlar var olmuş həyatları yazarkən, özlərindən bir parça qoyurlar.
Vətən uğrunda canını verən tarix müəllimləri… Onlar, sadəcə dərslərində keçmişi anlatan bir insan deyil, həm də bir igid, bir ruh, bir qəhrəmandır. O, xalqının ən çətin anlarında səsini çıxardı, tarixə olan sevdanı nəsillərə aşıladı. Vətənin azadlığı uğrunda canını fəda edən o şəhid müəllim, hər zaman tarixin ən parlaq səhifələrində qalacaq. Onun adı bir şan, bir simvol olacaq, heç vaxt silinməyəcək!
AzEdu.az bu gün İkinci Qarabağ Müharibəsində şəhid olan tarix müəllimlərini yad edir.
Şəhid Xalid Nəciyev – O, Saatlı Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-2013-cü illərdə isə Gəncə Dövlət Universitetində tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017-2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. Sonrakı illərdə isə Saatlı Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsində fəaliyyət göstərib.
O, Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 5-də isə Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.
Xalid Nəciyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.
Şəhid Elgün Quliyev – O, Şamaxının Göylər kəndində anadan olub. E.Quliyev Vətən müharibəsindən bir müddət əvvəl müəllimlərin işə qəbulu imtahanından yüksək bal toplayaraq, Lerik rayonu Sors kəndinə təyinat almışdı. Lakin müharibə başlayanda işini buraxıb, könüllü şəkildə cəbhəyə yollandı və Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
E.Quliyevdən geriyə “Cəbhə gündəliyi” qaldı...
Ölümündən sonra "Vətən uğrunda"," Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.
Şəhid Famil Əhmədzadə - O, 1992-ci ildə orta məktəbi əlaçı məzun kimi başa vurub, daha sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olub. Akademiyanın sayılıb-seçilən tələbələrindən olan Famil 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi alıb.
Famil Əhmədzadə 1997-ci ildə məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
Oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhid Rəşad Məmmədov - O, 2006-cı ildə Gəncə Dövlət Universitetinin tarix ixtisasına daxil olub. 2013-cü ildə Gədəbəy rayon Qoşabulaq kənd 1 saylı tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 2018-ci ildə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 2020-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistr pilləsində təhsil almağa başlayıb.
O, Vətən müharibəsində könüllü olaraq iştirak edib. Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Rəşad Məmmədov ölümündən sonra "Vətən uğrunda, "Cəsur döyüşçü və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.