Ötən günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev tədbirdə çıxışı zamanı Azərbaycan və Qazaxıstanın təhsil sahəsində oxşar hərəkət modelindən istifadə etməyə qərar verdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasında mədəniyyət, gənclər siyasəti və digər sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq inkişaf etdirilməlidir.
Bundan əlavə, Qazaxıstanın Elm və Ali Təhsil naziri qazaxıstanlı professorların, müəllim və tələbə heyətinin Qarabağ Universitetinə gəlməsi ilə bağlı fikirlər səsləndirib.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov Qazaxıstanın təhsil sahəsindəki təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb:
"Qazaxıstan bu gün təhsil sahəsində uğurla irəliləyir. Onun universitetləri dünya reytinqlərində getdikcə daha yüksək yerlərdə qərarlaşır. Azərbaycan da bu sahədə davamlı uğurlar əldə etmək niyyətindədir və bu istiqamətdə mühüm addımlar atır. Buna görə də Qazaxıstanın təhsil sahəsindəki təcrübəsini öyrənmək bizim üçün faydalı ola bilər".
Ceyhun Məmmədov qeyd edib ki, hər bir ölkə təhsil sahəsində əməkdaşlıq edərkən regional faktorları, milli dəyərləri və təhsil sistemlərinin spesifik xüsusiyyətlərini nəzərə almalıdır:
"Hər bir ölkə digər ölkənin təcrübəsini öyrənməlidir, lakin heç bir model digər ölkənin təhsil sisteminə tam uyğun olmaya bilər. Buna görə də əməkdaşlıq zamanı bu məqamları nəzərə almaq vacibdir. Bununla belə, hesab edirəm ki, Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq ümumi inkişafa töhfə verəcək və əlaqələrimizi daha da gücləndirəcək".