Cəmiyyətdə belə bir fikir formalaşıb ki, oğlan uşaqlarının zərifləşməsinin və qarşı cinsin xüsusiyyətlərinə yiyələnməsinin əsas səbəblərindən bir məktəbdə əksər dərslərin qadın müəllimlər tərəfindən tədris olunmasıdır. Hətta bir çox məktəbdə Fiziki tərbiyə dərsini belə qadın müəllimlər keçir.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) bildirib ki, uşaqlar məktəbə başlayandan sonra əsasən qadın müəllimlərlə qarşılaşır:
"Düşünmürəm ki, təkcə Fiziki tərbiyə dərsinin qadın müəllim tərəfindən tədris olunması şagirdlərin cinsi xüsusiyyətlərində hər hansı dəyişikliyə səbəb olsun. Ancaq bütün fənlərin yalnız qadınlar tərəfindən tədris edilməsi müəyyən dərəcədə gender balansına təsir göstərə bilər. Çünki şagirdlər məktəbə qədəm qoyduqları andan etibarən əsasən qadın müəllimlərlə təmasda olurlar. Kişi müəllimlər isə çox az hallarda istisna təşkil edir. Bu da uşaqların sosial və psixoloji inkişafına təsir edə bilən amillərdən biridir".
Ekspertin sözlərinə görə, təkcə Fiziki tərbiyə və Çağırışaqədərki hazırlıq fənnini kişi müəllimlərin tədris etməməsi şagirdlərin formalaşmasına birbaşa təsir edən əsas amil kimi qəbul olunmamalıdır:
"Bu fikir doğru deyil. Burada əsas məsələ balansın qorunmasıdır. Yəni, məktəblərdə həm kişi, həm də qadın müəllimlərin bərabər şəkildə təmsil olunması vacibdir. Əgər müəyyən fənləri kişi müəllimlər tədris edərsə, bu, ümumi gender balansını təmin edər və daha sağlam bir mühit formalaşar".
Ekspert təhsil sistemində kişi müəllimlərin sayının az olduğunu və bunun da xüsusi diqqət tələb etdiyini vurğulayıb:
"Bu gün Azərbaycanda müəllimlərin təxminən 80%-i qadınlardır. Kişi müəllimlərin sayı isə 20%-dən də azdır. Kişi müəllimlər əsasən Fiziki tərbiyə, Çağırışa qədərki hazırlıq və məhdud sayda Fizika, Riyaziyyat fənlərini tədris edirlər. Bu baxımdan, aidiyyəti qurumlar Müəllimlərin İşə Qəbulu zamanı kişi müəllimləri təhsilə cəlb edəcək stimullaşdırıcı qərarlar verməlidirlər. Belə olduqda kişi müəllimlərin sayının artması mümkün olar".
Həmsöhbətimizin sözlərinə görə, müəyyən islahatlar həyata keçirilərsə, məktəblərdə kişi müəllimlərin iştirakını artırmaq və tədris prosesində balansı təmin etmək mümkündür.