Azedu.az

Üzün tanınmasında beynin hansı bölgələri aktivləşir?

Müəllimlər və elm adamları

22 Fevral 2025, 10:05
Üzün tanınmasında beynin hansı bölgələri aktivləşir?

İnsan beyninin üzləri tanımaq və mənalandırmaq üçün xüsusi bir mexanizmə sahib olması uzun müddətdir tədqiqatçıların maraq dairəsindədir. Massaçusets Texnologiya İnstitutunun (MIT) neyroalimləri, xüsusilə Nensi Kanvişer bu sahədə mühüm kəşflərə imza atıb.

AzEdu.az “Nature” jurnalına istinadla xəbər verir ki, 1995-ci ildə Kanvişer funksional maqnit rezonans görüntüləmə (fMRI) texnologiyasından istifadə edərək beynin üzləri (sifətləri) tanımaqda hansı bölgələrinin aktivləşdiyini araşdırıb. Skan nəticələri beynin sağ yarımkürəsində, alt hissədə yerləşən spesifik bir sahədə üzlərə cavab olaraq qan axınının artdığını göstərib.

Bu tapıntı insanların üzləri xüsusi şəkildə emal edən bir beyin dövrəsinə sahib olduğunu təsdiqləyən ilk elmi sübutlardan biri olub. Üzlərin tanınması təkcə insanlara məxsus deyil, eyni zamanda, primatlarla da ortaq bir xüsusiyyətdir.

2000-ci illərin əvvəllərində Kanvişerin laboratoriyasına qoşulan Rokfeller Universitetindən Vinrix Freivald və onun həmkarı Doris Tsao bu mexanizmi daha dərindən araşdırmağa qərar veriblər. Meymunlar üzərində aparılan tədqiqatlar zamanı onlar fMRI texnologiyasından istifadə edərək beynin üzləri emal edən sahəsini müəyyən ediblər. Növbəti mərhələdə isə bu sahəyə elektrodlar yerləşdirərək neyronların fəaliyyətini birbaşa müşahidə ediblər.

Məlum olub ki, burada yerləşən neyronların hamısı üzlərə reaksiya verən xüsusi hüceyrələrdir. D.Tsao və onun tədqiqat qrupu daha sonra bu neyronların spesifik funksiyalarını tədqiq edərək onların fərqli üz xüsusiyyətlərinə necə reaksiya verdiyini aşkarlayıblar.

Onlar müəyyənləşdiriblər ki, cəmi 200 neyronun fəaliyyəti əsasında bir meymununun hansı üzü gördüyünü proqnozlaşdırmaq mümkündür. Bu, beynin üzləri kodlaşdırma prinsiplərini anlamaq baxımından mühüm bir irəliləyiş olub. V.Freivald və onun komandası daha sonra üz tanıma prosesində iştirak edən digər beyin bölgələrini də araşdırıblar. Onların araşdırmaları göstərib ki, tanış olan üzlərə reaksiya verən beyin bölgələri daha güclü aktivlik nümayiş etdirir.

Bu tapıntılar sosial qarşılıqlı əlaqələrin beyində necə emal edildiyini və insan şüurunun formalaşmasında bu mexanizmlərin rolunu anlamağa kömək edir. Bu tədqiqatlar insan beyninin üzləri tanımaq üçün yüksək dərəcədə ixtisaslaşmış bir sistemə malik olduğunu göstərməklə yanaşı, süni intellekt və neyroloji xəstəliklərin diaqnostikası kimi sahələrdə də yeni perspektivlər açır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox