"Biz doktorantura pilləsinin birmərhələli olmasının Azərbaycan təhsil sisteminə necə təsir edə biləcəyini müzakirə etməliyik”
Bu barədə AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
“Bəziləri səhv anlayıb düşünür ki, doktoranturanın birmərhələli olması vəziyyəti asanlaşdıracaq. Ancaq Avropada və Amerikada elmi dərəcənin əldə olunması müəyyən fədakarlıq və məsuliyyət tələb edir. Elmi dərəcə əldə etmək üçün elmi yeniliklər, aparılan tədqiqatların nəticələri, konfranslarda çıxışlar və elmin ictimaiyyət tərəfindən qəbul edilməsi sıradan bir məsələ deyil.
İkinci bir məsələ isə budur: doktorantura pilləsinin, məsələn, Amerikada daha asan olduğunu demək doğru deyil. Heç bir şey asan deyil. Əksinə, hər şey fədakarlıq tələb edir. Bəzən bu fədakarlığı əldə etmək üçün müəyyən imkanlardan imtina etmək lazım gəlir. Məsələn, bir şəxs oxuyur, amma az maaş alır. Lakin məzun olduqdan sonra daha yüksək maaş alır. Yəni həmin şəxs bu gün fədakarlıq edir, sabah isə mükafatını qazanır. Elə doktoranturada da belədir: bu gün fədakar, sabah mükafatçı.
Elm öz-özlüyündə fədakarlıq tələb edir. Deyək ki, elm dərəcəsi aldın, amma elmi ad necə olacaq? Bunları bir-birindən ayırmadan vəhdət şəkildə qiymətləndirmək lazımdır. Bu, çox vacib kompleks yanaşmadır. Ona görə də tək tərəfli baxmaq olmaz.
Əsas məsələ isə odur ki, biz doktorantura pilləsinin birmərhələli olmasının Azərbaycan təhsil sisteminə necə təsir edə biləcəyini müzakirə etməliyik. Axı bu gün nə mane olur ki, 100 nəfərdən 10-u elmi işini müdafiə edir? Yəni 100 nəfərdən 90-ı müdafiə etmir, bunun səbəbi nədir? İlk növbədə biz bunu müzakirə etməli və səbəblərini aydınlaşdırmalıyıq".