Azedu.az

Təhsilli qadınlar daha sağlam, savadlı və uğurlu övladlar yetişdirirlər

9 Dekabr 2024, 13:36
Təhsilli qadınlar daha sağlam, savadlı və uğurlu övladlar yetişdirirlər

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda qeyd edib ki, dördüncü sinifdə aparılan son qiymətləndirmələrdə qızların nəticələri oğlanlara nisbətən daha yaxşıdır. Amma 15 yaşlı qız və oğlanlar arasındakı fərqə baxanda dinamika zəifləyir. Oğlanların nəticələri qızların nəticələrini üstələyir. Nazir əlavə edib ki, ən vacib məsələlərdən biri qızların təhsilidir.

 

Bu gün azyaşlı və yeniyetmə qızların təhsili gələcək anaların təhsilli olması deməkdir.

 

Bəs görəsən, qızların təhsildən yayınmaması üçün hansı addımlar atmaq lazımdır? Potensiallı, bacarıqları qızları daha uğurlu olmaları, təhsil istiqamətində nailiyyətlər əldə edə bilmələri üçün valideynlərin və müəllimlərin üzərinə hansı öhdəliklər düşür?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan "Əməkdar müəllim", sabiq deputat Sona Əliyeva bildirib ki, qızların təhsili yalnız onların şəxsi inkişafı üçün deyil, həm də cəmiyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir:

 

"Azərbaycan qızlarının ibtidai siniflərdə təhsil göstəricilərinin yüksək olması sevindiricidir. Lakin yaş artdıqca, xüsusən yeniyetməlik dövründə qızların təhsildən yayınma hallarına rast gəlinir. Bəzi bölgələrdə erkən nikahlar, iqtisadi çətinliklər və sosial stereotiplər qızların təhsil alma imkanlarını məhdudlaşdırır. Bu məsələləri həll etməsək, həm fərdi səviyyədə, həm də cəmiyyət olaraq böyük potensialı itirmiş olarıq. Belə hallar hər nə qədər az olsa da, onların mövcudluğu narahatedicidir. Bu məsələlərə diqqət yetirmək, qızların təhsildən yayınmasının qarşısını almaq və onların tam potensialını reallaşdırmasına şərait yaratmaq üçün kompleks yanaşma tələb olunur.

 

Nə etməliyik? İlk olaraq, valideynlər və geniş ictimaiyyət üçün maarifləndirici tədbirlər təşkil edilməlidir. Erkən nikahların yalnız qızların şəxsi inkişafına deyil, həm də gələcəkdə ailənin və uşaqların sağlamlığına mənfi təsir etdiyi vurğulanmalıdır. Televiziya proqramları, sosial media kampaniyaları və kənd yerlərində görüşlər hər zaman effektiv nəticə verir.

 

Erkən nikahların qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişikliklər labüddür. Məktəbdən yayınma və erkən nikah hallarını izləyən nəzarət mexanizmləri effektiv işləməlidir. Ailələr bu məsələdə hüquqi cəzalardan xəbərdar olmalıdır. Sosial təminatı aşağı olan ailələrə dəstək verilməlidir. Pulsuz dərsliklər, təhsil üçün təqaüdlər, kənd məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, ucqar kəndlərdən şagirdlərin məktəbə gətirilməsi üçün nəqliyyat imkanlarının artırılması vacibdir”.

 

Həmsöhbətimiz qeyd edib ki, uğurlu qadınların hekayələri vasitəsilə də qızların təhsilə marağını artırmaq olar:

 

"Media vasitəsilə tanınmış alimlər, biznesmen qadınlar və ya ictimai xadimlərin uğur hekayələri paylaşılmalıdır ki, qızlar onlardan ilham alsınlar. Unutmaq olmaz ki, valideynlər qızlarının təhsilində əsas rol oynayır. Təhsil yalnız diplom əldə etmək deyil, həm də həyati bacarıqlar qazanmaq, özünəinamı artırmaq və cəmiyyətdə öz yerini tapmaq üçün bir vasitədir.

 

Təəssüf ki, bəzi valideynlər təhsilin qız övladlarına verəcəyi üstünlükləri tam anlamırlar. Halbuki, valideynlər təhsilin qız uşaqlarının həyatında nə qədər mühüm olduğunu bilməlidirlər. Təhsilli qızlar gələcəkdə həm daha yaxşı bir həyat yaşayır, həm də təhsilli nəsillər yetişdirir. Erkən nikahların qızların həyat keyfiyyətini aşağı saldığını başa düşməlidirlər.

 

Həmçinin, valideynlər qızlarına öz arzu və məqsədlərinə çatmaları üçün dəstək olmalıdır. "Qız uşağı bunu edə bilməz" kimi stereotiplərdən uzaq duraraq, onların qarşısına çıxan çətinliklərdə yanında olmaq vacibdir. Valideynlər və məktəb orta məktəbdən sonra peşə və ali təhsil almaq üçün qızları təşviq etməlidirlər”.

 

S. Əliyeva bildirib ki, müəllimlərin bu istiqamətdə təsiri danılmazdır:

 

"Onlar sinif otağında qızların təhsil həyatında ən mühüm fiqurlardan biridir. Düzgün istiqamətləndirmə, potensiallarını kəşf etmək qızların motivasiyasını artırır. Odur ki, müəllimlər qızların ehtiyaclarına və maraqlarına uyğun fərdi tədris metodları seçməlidirlər. Hər bir şagirdin maraq dairəsini müəyyən edərək onu doğru istiqamət vermək lazımdır. Həmçinin, müəllimlərin sinif otağında gender prinsiplərini qoruması, qızlara münasibətdə mənfi və ya müsbət diskriminasiya nümayiş etdirməməsi vacibdir.

 

Qızların təhsili, gələcəyin təhsilli və maarifləndirilmiş cəmiyyətlərinin qurulması üçün açar rol oynayır. Təhsilli qadınlar daha sağlam, daha savadlı və uğurlu övladlar yetişdirir. Təhsildən yayınma və erkən nikah kimi problemləri aradan qaldırmaq üçün dövlət, ailələr, müəllimlər və bütövlükdə cəmiyyət birgə çalışmalıdır. Hər qızın öz potensialını tam reallaşdırması üçün təhsil alma hüququ var. Biz bu gün qızlarımızın təhsilinə dəstək verərək, sabahkı daha parlaq və ədalətli cəmiyyətin təməlini qoyuruq.

 

Bütün ailələrə, müəllimlərə və ictimaiyyətə səslənmək istəyirəm: Qızlarımıza dəstək olaq. Onların təhsilli olması cəmiyyətimizin gələcəyini təmin edir. Təhsil almaq hər bir vətəndaşın, eləcə də hər bir qızın hüququdur. Gəlin bu haqqı birlikdə qoruyaq", - deyə fikrini yekunlaşdırıb.

TƏCİLİ! Gözlər Ankarada - Türk dünyasına zərbə, yoxsa...
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox