Azedu.az

Məktəb həyətində siqaret çəkən müəllimlər sərt şəkildə cəzalandırılmalıdır

26 Noyabr 2024, 14:40
Məktəb həyətində siqaret çəkən müəllimlər sərt şəkildə cəzalandırılmalıdır

“Bəzən təhsilin  müqəddəs missiyası, kiçik görünən, amma böyük nəticələr doğura biləcək səhvlərlə zədələnir. Məktəb həyətində müəllimlərin siqaret çəkməsi bu problemlərdən biridir”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov söyləyib.

 

O qeyd edib ki, müəllimin davranışları şagirdlərin yalnız akademik nailiyyətlərinə deyil, həm də şəxsi keyfiyyətlərinə təsir edir.

 

“Müəllimlik sadəcə bir peşə deyil, gələcək nəsilləri formalaşdıran bir missiyadır. Şagirdlər müəllimlərini yalnız bilik qaynağı kimi görmür, həm də bir nümunə, həyat bələdçisi olaraq qəbul edirlər. Ancaq bəzən təhsilin bu müqəddəs missiyası, kiçik görünən, amma böyük nəticələr doğura biləcək səhvlərlə zədələnir. Məktəb həyətində müəllimlərin siqaret çəkməsi bu problemlərdən biridir.

Təhsil sistemimizdə kişi müəllimlərin sayı ümumi müəllimlərin cəmi 21%-ni təşkil edir. Bu rəqəm bir çox sosial və peşəvi faktorlarla izah olunur: aşağı maaşlar, təhsil sahəsindəki qadın dominantlığı, həmçinin müəllim peşəsinə bəzi cəmiyyətlərdə daha çox qadınlara uyğun bir sahə kimi baxılması. Bununla belə, kişi müəllimlərin olması şagirdlərin – xüsusilə oğlan uşaqlarının – davranış və psixososial inkişafı üçün vacibdir. Amma məsələ təkcə kişi müəllimlərin sayında deyil, onların davranışlarında da ciddi problemlərin olduğudur”.

 

K.Əsədov qeyd edib ki, bəzi kişi müəllimlərin məktəb həyətində siqaret çəkməsi, hətta bunu şagirdlərin gözləri önündə etməsi, təhsilin nümunəvi obrazını kölgələyir.

 

“Araşdırmalara görə, müəllimin davranışları şagirdlərin yalnız akademik nailiyyətlərinə deyil, həm də şəxsi keyfiyyətlərinə təsir edir. Harvard Universitetinin 2022-ci ildə apardığı tədqiqat göstərir ki, şagirdlərin 68%-i müəllimlərinin gündəlik davranışlarının öz həyat tərzlərinə birbaşa təsir etdiyini bildirib. Bu o deməkdir ki, müəllimin yalnız sinifdəki davranışı deyil, məktəbin həyətində, tədbirlərdə və ictimai yerlərdəki hərəkətləri də şagirdlər tərəfindən mənimsənir.

Məktəb həyətində siqaret çəkən müəllimi görən şagird üçün bu, yalnız bir vərdiş deyil, həm də “böyüklüyün simvolu” kimi qəbul edilə bilər. Bunun nəticəsində zərərli vərdişlərə qurşanan şagirdlərin sayı artır.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, Azərbaycan məktəblərində 15-17 yaş aralığında olan şagirdlərin təxminən 11%-i siqaret çəkir. Bunun səbəblərindən biri, böyük ehtimalla, böyüklərin – o cümlədən müəllimlərin – mənfi nümunə göstərməsidir".

 

Ekspert məsələnin həll yollarından danışıb:

 

“Müəllimlər arasında zərərli vərdişlərin mənfi təsiri barədə maarifləndirmə işləri aparılmalıdır. Bunun üçün seminarlar, təlimlər təşkil etmək vacibdir. Məktəblərdə siqaret çəkilməyə qarşı nəzarət sistemi gücləndirilməli, qanun pozuntuları sərt şəkildə cəzalandırılmalıdır. Həmçin, Müəllimlər zərərli vərdişləri tərgitmək üçün psixoloji və tibbi dəstək almalıdır. Bunun üçün xüsusi proqramlar təşkil oluna bilər. Valideynlər, ictimai xadimlər və təhsil liderləri birgə şəkildə sağlam təhsil mühitinin yaradılmasında iştirak etməlidirlər.

Müəllimlər şagirdlər üçün yalnız bilik mənbəyi deyil, həm də həyat tərzi modelidir. Şagirdlərin gələcəkdə cəmiyyətə faydalı, sağlam və düzgün davranışlı fərdlər kimi formalaşmasını istəyiriksə, müəllimlər nümunə olmalıdır. Məktəb həyətindəki hər bir davranış, hər bir söz, hər bir addım gələcəyin güzgüsündə əks olunur. Müəllimlik təkcə dərs keçmək deyil, gələcəyi formalaşdırmaqdır.

Unutmayaq ki, təhsilin işığı müəllimlərdən gəlir. O işığı sönükləşdirmək deyil, daha da parlaq etmək hər birimizin borcudur”.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox