Azedu.az

Şuşalı müəllim: “Buraya qayıtmaq bir möcüzədir”

Müəllimlər və elm adamları

8 Noyabr 2024, 12:22
Şuşalı müəllim: “Buraya qayıtmaq bir möcüzədir”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Qarabağda qazandığı böyük Qələbənin dördüncü ildönümü, Şuşa şəhəri gününün qeyd edilməsinin isə ikinci ilidir. Belə ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

 

Bu gün hər bir azərbaycanlı vətəndaşı üçün əsl bayramdır. Bayramı böyük sevinclə qeyd edənlər içərisində Şuşalılar da yer alır.

 

AzEdu.az Təhsil Portalı olaraq həm 0Zəfər günü, həm də Şuşa şəhər günü münasibətiylə Şuşalı müəllim İlham Salmanov təəssüratlarını bizimlə bölüşməsi üçün əlaqə saxladıq.

 

Müsahibəni təqdim edirik.

 

- İlham müəllim, sizi ilk növbədə bu xoş gün münasibəti ilə təbrik edirəm. Çox istərdik ki, sizi oxucularımıza daha yaxından təqdim edək. Kimdir şuşalı İlham müəllim?

 

- Mən, Şuşa şəhər sakini 1965-ci ildə anadan olmuşam. Elə burada orta məktəbi bitirmişəm.1982-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika Riyaziyyat fakültəsinə daxil olub, 1989-cu ildə universiteti bitirmişəm. 1988-ci ildə artıq I Qarabağ müharibəsi başladığına görə 1989-cu ildə ali məktəbi bitirib könüllü olaraq azad təyinat alıb yenidən Şuşa şəhərinə qayıtmışam. I Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Həmin dövrdə Şuşada müəllim kimi fəaliyyət göstərmişəm, lakin çox təəssüf ki, müharibə vəziyyətlə əlaqədar məktəblərin fəaliyyəti dayandırıldı. 1992-ci ilə qədər öz məhləmiz ətrafında Şuşanın aşağı hissəsində erməni kəndlərlə üzbəüz olduğu ərazidə yaşadığımıza görə Şuşanın müdafiəsində iştirak etmişəm.

 

- İlham müəllim, az əvvəl qeyd etdiniz ki, Şuşada müəllim kimi çalışmısınız. Həmin məktəbdə neçə il fəaliyyət göstərdiniz?

 

- 1989-cu ildə azad təyinat alıb Şuşaya qayıdan kimi təhsil aldığım Şuşa 4 saylı orta məktəbdə Riyaziyyat müəllimi kimi fəaliyyətə başladım. Eyni zamanda Şuşa şəhəri təhsil şöbəsində inspektor, yəni müfəttiş vəzifəsinə götürüldüm. Lakin düşmənlərin bizə qarşı olan torpaq iddiası, ədalətsiz müharibəsinə görə şagirdləri təhlükə altına qoya bilməzdik. Odur ki, Şuşa şəhəri Təhsil İdarəsinin göstərişi ilə məktəblər fəaliyyətini dayandırdı. Bu şəkildə 1992-ci il Şuşanın işğalına qədər çox çətin şərait belə olsa, torpaqlarımızı tərk etmədən yaşadıq. Şuşanın müdafiəsi uğrunda əlimizdən gələni etdik. Çox təəssüf ki, 1992-ci ildə Şuşa düşmən tərəfindən xəyanət nəticəsində işğala məruz qaldı.

 

- Bəli, həmin illərdə düşmən öz mənfur niyətini göstərsə də, xalqımız sonuna qədər düşmənin qarşısında dayandı. Qeyd etdiyiniz kimi,  həmin dövrlər çox çətin şərait idi. İlham müəllim, Şuşadan ayrılarkən neçə yaşınız var idi?

 

- Doğulub boya-başa çatdığım Şuşadan ayrılanda 26 yaşım var idi. Çox təəssüf ki, gənclik illərimizi sevincli, xoş günlərlə keçirə bilmədik. Biz 5 qardaş, 4 bacı olmuşuq. Hər birimiz bir ailə kimi Şuşa şəhərində yaşayırdıq. Böyük əraziyə sahib ata yurdumuz var idi. Hazırda düşmən evimizi viran etdiyinə görə evin qalıqları qalıb.

 

Şuşada o qədər xoş günlərimiz, xatirələrimiz olmuşdu ki...

 

- Aydın məsələdir ki, müharibə şəraiti heç də asan deyil. Bu məqamlarda özünüzü necə təsəlli edirdiniz?

 

32 il Şuşa şəhəri işğal olduğu vaxtlarda Bakıda gimnaziyada müəllim kimi işləmişəm. Yəni 32 il fasiləsiz olaraq fəaliyyətimə davam etmişəm. Buna rəğmən torpağımız işğal olduğu dönəmlərdə vətənə sevgim heç zaman tükənmədi. Bilə-bilə ki, səni qarşıda ölüm gözləyir buna baxmayaraq nə uşaq, nə gənc, nə də ki, yaşlılar şəhəri tərk etmək istmədi.

 

İşğal dövründə o çətin anlarda Şuşaya rəhbərlik edən indiki icra başçısı səviyyəsində Rayon Partiya Komitəsinin sədri Mikayıl Gözəlov bütün ağırlıqları öz çiyinlərində daşıyırdı. Onun dövründə Şuşanın bir kəndinə belə zərər dəyməmişdi. Çox təəssüf ki, M.Gözəlovu xəyanət nəticəsində öldürdülər. Hazırda qızı Səbinə müəllim Gözəlova Şuşa şəhəri 1 nömrəli məktəbə rəhbərlik edir. Düşünürəm ki, bu, çox düzgün qərardır.

 

- İlham müəllim, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdınızmı?

 

Əlbəttə. Mən heç vaxt ümidimi üzməmişdim. Əvvəl işlədiyim məktəb kollektivim illər keçsə də, yavaş-yavaş ümidlərini üzürdülər. Mən qətiyyən belə düşünmədim. Torpaqlarımız işğal olduğu vaxtlarda keçirilən tədbirlər zamanı deyirdim ki, faciələrdən danışıb səhərdən- axşama qədər yas qurmaq yerinə, igidlərimizin həmin dönəmlərdə göstərdiyi şücaətdən, qəhrəmanlıqdan danışmaq lazımdır. Çünki özüm o günlərin şəxsən şahidi olmuşam. Şagirdlərimə əminliklə  hər zaman söyləyirdim ki, elə bir tarixi an olacaq ki, biz öz torpaqlarımıza qayıdacağıq. Çünki dövlət başçısının ordumuza yürütdüyü uğurlu siyasətinə güvənmişik.

 

- Çox şükür ki, pis günlər geri qaldı. Gözünüz aydın. Artıq ata-baba torpağınızda bir müəllim kimi işləyirsiniz. Uzun müddətdən sonra şuşalı olaraq Şuşada fəaliyyət göstərmək necə bir hissdir?

148870

Bəziləri deyir ki, mənə yuxu kimi görünür, bəziləri isə qeyd edir ki, hələ də inana bilmirəm. Həqiqətəndə bu bir möcüzədir. Ona görə də belə bir möcüzəyə görə yalnız qürur duyur, fəxr edirəm. Az əvvəl də dediyim kimi, bir an belə ümidsizliyə qapılmadım. Həmişə Allahdan arzu olaraq istəmişəm ki, mənə ömür ver, gedib Şuşada işləyim.

 

Şuşa 1 nömrəli məktəb 2022-ci ilin sonu istifadəyə verilməsinə baxmayaraq Şuşada əhalinin məskunlaşması bu il mayın 10-da başladı. Sentyabr ayına kimi köçən əhalinin uşaqlarına biz artıq dərs keçirik. Elə fəaliyyətə həmin vaxtdan başlamışam. 8-9-10-11-ci siniflərə riyaziyyat fənni üzrə dərs deyirəm.

 

- İlham müəllim, Zəfər günü və Şuşa şəhər günü münasibəti ilə nə söyləmək istərdiniz?

 

8 Noyabr Zəfər günü və Şuşa şəhər günü münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Gözünüz aydın olsun, Azərbaycan xalqı! Artıq 4 ildir ki, Şuşamız azaddır. Bir şuşalı kimi öz adımdan, ailəm adından Müzəffər Ali Baş Komadanı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox