Tələbələrin ümumi problemlərini dinlədikdə görürük ki, onlar müəllimlərlə olan münasibətlərindən də çox hallarda şikayətlənirlər. Bildirirlər ki gənc müəllimlərə nisbətən yaşlı kadrlar daha az empatiya qurur və aqressiv davranırlar.
Bəs, görəsən, yaşlı müəllimlərlə bağlı bu kimi mənfi halları necə aradan qaldırmaq olar?
Mövzu ilə əlaqədar təhsil eksperti, Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov AzEdu.az-a açıqlama verib.
“Yaşı 70-dən yuxarı olan müəllimlər, xüsusən də Sovet dövründə təhsil almış və fəaliyyət göstərmiş şəxslər, bəzən daha sərt davranış nümayiş etdirə, tələbələrlə şəxsiyyət kimi əlaqə qura bilməyə bilərlər. Bu isə tələbələrin emosional və akademik tələblərinə empatiya ilə yanaşmalarına mane olur.
Belə hallar universitet mühitində psixoloji dəstəklə həll oluna bilər. Yaşlı müəllimlər bəzən uzun illər ərzində müəyyən edilmiş tədris metodlarını dəyişdirməkdə çətinlik çəkirlər. Bu isə tələbələrlə konfliktlərə səbəb ola bilir. Empatiyanın olmaması, tələbələrin akademik və şəxsi problemlərini dərk etməmək, bəzən aqressiv münasibət sərgiləmək və tələbələrə şəxsiyyət kimi deyil, sadəcə öyrənən kimi baxmağa səbəb olur.
70 yaşdan yuxarı müəllimlərin bir çoxunun işə yanaşması psixoloji səbəblərlə əlaqələndirilə bilər. Yaşlanmanın təsiri ilə insanın emosional sabitliyi və tənqidi düşüncə qabiliyyəti dəyişə bilir. Dünya təcrübəsində belə halların qarşısını almaq üçün müəyyən addımlar atılır. Belə ki, bəzi ölkələrdə yaşlı müəllimlər müntəzəm olaraq psixoloji yoxlamadan keçirlər. Bu yoxlamalar, onların tələbələrlə münasibətləri və tədris keyfiyyətini izləmək məqsədilə həyata keçirilir. Məsələn, İsveç və Finlandiya kimi ölkələrdə yaşlı müəllimlər üçün tədris keyfiyyətini artırmaq üçün psixoloji dəstək proqramları mövcuddur.
Azərbaycanda isə yaşlı müəllimlərin psixoloji vəziyyəti ilə bağlı hələ də spesifik tənzimləmə mövcud deyil. Belə müəllimlərlə davamlı olaraq söhbətlər aparılması, onların tədris metodlarının gənc nəsillərə uyğunlaşdırılması üçün psixoloji dəstəyin göstərilməsi vacibdir. Bununla yanaşı, universitetlərdə gənc kadrların daha çox işə cəlb edilməsi tələbələrlə münasibətlərin yaxşılaşmasına, tədris keyfiyyətinin yüksəlməsinə və müasir təlim metodlarının tətbiqinə töhfə verə bilər.
Çünki gənc kadrlar tələbələrlə daha asan əlaqə qura bilir, onlarla ortaq dil tapır və müasir tədris texnologiyalarından daha səmərəli istifadə edirlər. Əksər hallarda gənc müəllimlər tələbələrin ehtiyaclarını başa düşərək daha müasir və çevik tədris metodlarını tətbiq edirlər. Bu da tədris prosesini tələbələr üçün daha cazibədar edir. Gənc kadrların işə cəlb edilməsi təhsil sistemində müsbət dəyişikliklərə səbəb ola bilər və tələbələrin daha yaxşı nəticələr əldə etməsinə kömək edə bilər”.
Müsahibimiz bildirib ki, yaşlı müəllimlərə psixoloji dəstək göstərilməsi universitet mühitini tələbələr üçün daha rahat edər:
“Bir çox ölkələrdə yaş məhdudiyyətinə əsaslanan tənzimləmələr mövcuddur. Məsələn, Yaponiya, İsveç, Kanada kimi ölkələrdə 65 yaşdan sonra müəllimlərə pensiyaya çıxmaq təklif olunur, lakin təhsil sahəsində istisna hallar tətbiq edilə bilər. Eyni zamanda, həmin müəllimlərə təlim və psixoloji dəstək təklif olunur ki, onlar tədris fəaliyyətlərini müasir tələblərə uyğunlaşdırsınlar. Azərbaycanın da bu istiqamətdə dünya təcrübəsindən öyrənərək, həm yaşlı müəllimlərin tədris keyfiyyətini qorumaq, həm də gənc kadrların sayını artırmaq üçün müvafiq tədbirlər görməsi məqsədəuyğundur.
Nəticə etibarilə, yaşlı müəllimlərin psixoloji dəstəklə təmin olunması və gənc kadrların daha çox işə cəlb edilməsi universitet mühitini tələbələr üçün daha rahat və produktiv edə bilər. Gənc müəllimlərin müasir yanaşmaları, tələbələrlə əlaqə qurmaq bacarığı və innovativ tədris metodlarından istifadə etmələri tədris prosesini inkişaf etdirə bilər. Tələbələrə şəxsiyyət kimi yanaşılması və onların akademik, emosional ehtiyaclarının nəzərə alınması təhsil keyfiyyətini artıracaq”.