“Doktoranturada konkret fənlər üzrə imtahanlar keçirilməlidir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professor bildirib ki, hər bir ölkənin özünəməxsus xüsusiyyətləri var:
“Doktorantura, 3-cü təhsil pilləsidirsə, nəyə görə orada tədris həyata keçirilmir? Dünyanın bir çox ölkəsində bu pillə üzrə imtahanlar keçirilir, lakin bizdə doktarantura qəbul olunduqdan sonra tədqiqat fəaliyyəti yoxdur. İlk növbədə, doktarantura 3-cü təhsil pilləsi olduğuna görə, burada mütləq olaraq tədris olmalıdır, yəni konkret fənlər üzrə imtahanlar keçirilməlidir. Tələbələrin təhsil alacağı fənlər üzrə dərslərin təşkil edilməsi vacibdir.
Məsələn, Rusiyada doktarantura ilə bağlı belə bir problem var. Burada doktarantura oxuyan şəxslər müəllim kimi fəaliyyət göstərə bilirlər, lakin tədqiqatçı statusu ala bilmirlər. Tələbələr çalışır, əziyyət çəkir, lakin onların əlində niyə diplom yoxdur? Axı bu insanlar təhsil alıblar, onlara diplom verilməlidir ki, doktoranturanı bitirdiklərini təsdiqləsinlər”.
Həmsöhbətimiz vurğulayıb ki, doktorantura təhsil pilləsinin iki mərhələsi olmasında heç bir problem yoxdur:
“Rusiyada dövlət doktarantların sayını və müdafiə prosesini izləyir. Dövlət bildirir ki, mən sənə pul vermişəm, bəs bunun nəticəsi haradadır? Niyə 100 nəfərdən yalnız 2-si müdafiə edir? Qalan 98 nəfərin nəticəsi niyə yoxdur? Verilən pulun nəticəsi niyə qeydə alınmır?
Elmi dərəcə və elmi adlar hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu baxımdan, elmi dərəcə və adların verilməsi məhz ölkənin özündən asılıdır. Elm və təhsil dövlətin prioritetləri olmalıdır, buna görə də bu məsələlər daim diqqətdə saxlanılmalıdır”.