Azedu.az

Minlərlə müəllimi çaş-baş salan “böyük-kiçiklik” – Məktəblərdəki daha bir formallıq

30 Avqust 2018, 11:30
Minlərlə müəllimi çaş-baş salan “böyük-kiçiklik” – Məktəblərdəki daha bir formallıq

“Fənlər üzrə illik planlaşdırmanı (proqram) tutmağın vaxtı çatmaq üzrədir, lakin  summativlərin hansının ləğv ediləcəyi hələki, açıqlanmayıb. Təhsil Nazirliyi  açıqlasaydı,  biz də planlaşdırmanı tutduqda ona görə hərəkət edərdik”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Qazaxın kənd məktəbində çalışan  tarix müəllimi Araz Vəliyev deyib. O, qeyd edib ki, summativlərlə bağlı müəllimləri narahat edən bir sıra məqamlar var.

Xatırladaq ki…

Kurikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada - diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir.

Summativ qiymətlədnrimə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə əsasında şagirdlərin illik qiymətləri formalaşır.

Summativlərlə bağlı müəllimləri narahat edən məqamlardan biri də odur ki, KSQ –də ( kiçik summative  qiymətləndirmə) şagird  ilboyu “5” aldığı halda, BSQ – də (böyük summativ qiymətləndirmə) “4” alarsa, illik qiyməti “4” müəyyən edilir.

Araz Vəliyevin sözlərinə görə, bəzi məktəblərdə summative  qiymətləndirmələr formal olaraq keçirilir:

“Hər il BSQ yaxınlaşdıqda müəllimlər kağız içində itib-batdıqlarından gileylənirdilər. Bununla bağlı keçən dərs ilində Təhsil Nazirliyinə birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması, həmçinin,   5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə isə böyük summativlərin aparılması təklif edilib.

Lisey, gimnaziya, məktəb-liseylərdə Pedaqoji Şuranın qərarına əsasən, müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzə böyük summativlər keçirilə bilər. 10-11-ci təmayül siniflərində təmayül fənlər üzrə böyük summativ qiymətləndirmənin  keçirilməsi təklif olunur. Nazirlik əməkdaşları isə ictimaiyyətə: “Hələlik bunlar təklif şəklində müzakirədədir. Təsdiq olunacağı halda o, 2018-2019-cu tədris ilində tətbiq ediləcək”, - deyə bildirir. İndi bunları xatırlatmaqda məqsədim odur ki , fənlər üzrə illik planlaşdırmanı (proqram) tutmağın vaxtı çatmaq üzrədir, lakin summativlərin hansının ləğv ediləcəyi hələki açıqlanmayıb. Açıqlansaydı, planlaşdırmanı tutduqda ona görə hərəkət edərdik”.

Qeyd edək ki…

Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, qiymətləndirmə standartlarının səviyyələrinə əsasən hazırlanan vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.

Summativ qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi tarixlə jurnalda qeyd olunur. Be, kiçik və böyük summativ qiymətləndirmələrdən ibarətdir. Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən, böyük summativ qiymətləndirmə (BSQ) isə yarımillərin sonunda məktəb rəhbərliyinin iştirakı ilə fənni tədris edən müəllim tərəfindən keçirilir.

Zəngəzurda ciddi hazırlıq: Savaş mesajı verildi
Son xəbərlərDaha çox