49 illik ömrünün 30 ilini hökmdarlıq edən, Osmanlı İmperatorluğunun ən böyük sultanı olmağı bacaran, Avropada “Böyük Türk” adı ilə tanınan Fateh Sultan Məhmədin intellektual bacarıqları haqqında bilgilər son vaxtlar yenidən gündəmə gəlib.
AzEdu.az xarici mediaya istinadən Fatehin elmi fəaliyyəti haqqında bir neçə maraqlı faktı təqdim edir:
Türkiyəli professor İlber Ortaylının sözlərinə görə, Fateh Məhməd dövrünün ən intellektual sultanlarından olub. O, ərəbcə və farsca yazıb-oxuya, italyanca danışa bilirdi. Bundan əlavə, yunanca da bilir və mütəxəssislərin bu gün də oxumaqda çətinlik çəkdiyi Homerin “İliada”sını orijinalda rahatlıqla oxuyurdu. Böyük İsgəndərin həyatı ilə maraqlanan Fatih Sultan onun fəaliyyətindən bəhs edən nadir kitabları toplayırdı.
Qərbin Şərq haqda ən önəmli məlumatı onların ibrid dilində danışa bilmələri olduğu halda, haqqında danışdığımız sultan hələ XV əsrdə “Avni” təxəllüsü ilə şeirlər yazırdı.
Geologiya sahəsi üzrə professor Celal Şengörün sözlərinə görə, sultan yalnız fəth edəcəyi ərazilərlə deyil, gördüyü hər şeylə maraqlanırdı. Onun coğrafiya elminə xüsusi marağı da dünya mediasında dəfələrlə vurğulanıb.
“Kitabxanaların xilaskarı” hesab edilən Fateh Sultan böyük kitab kolleksiyasına sahib olub. Vaxtilə yağmalanan Topqapı sarayındakı məşhur kitabxana da Sultah Fateh Məhməd tərəfindən yenidən toplanıb. Onun kitabxanası hansısa sultanın deyil, elm adamının kitabxanasını xatırladır. Belə ki, burada həndəsə, fəza fiqurları, mühəndislik, İncil lüğəti, Zəbur, Xristofor Kolumbun həyatı, astronomiya, zoologiya, tibb haqqında kitablar yer alırdı. O, həmçinin 11 kitablıq yunan dili kolleksiyasına sahib idi. Bunlardan əlavə sultanın kitabxanasında hərbi taktikalar, hava şəraitinin təxmin edilməsi, İstanbulun arxeologiyası ilə bağlı kitablar da yer alırdı. Fatih Sultanın kitabxanasında neçə kitab olması isə məlum deyil.