“Qabiliyyət imtahanının olması o səbəbdən müsbət haldır ki, burada ilk növbədə, jurnalistikaya marağı olan, özünü gələcəkdə bu peşədə görmək istəyən və müəyyən mənada yazı qabiliyyətinə malik abituriyentlər iştirak edirlər. Razıyam ki, bir tərəfi də keçid ballarının aşağı düşməsinə gətirib çıxarıb”.
Bunu AzEdu.az-a açıqlamasında Bakı Dövlət Univesitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, keçid balı süni müəyyənləşdirilmir, bu, ixtisasa olan tələbdən irəli gələn məsələdir:
“Bu il jurnalistikaya qabiliyyət imtahanı ilə qəbul olunanların ilk buraxılışı oldu. IV kursun ikinci semestrı tədris planına görə praktikaya ayrılır. 25-26 tələbənin 1/3- i bitirdiyi vaxtda iş təklifi alıblar. Bu, yaxşı nəticədir”.
Vüqar müəllim onu da əlavə edib ki, jurnalistikaya gələn abituriyentin aşağı balla qəbul olunması bir qədər mənfi haldır:
“Bilirsiniz ki, bizdə hər zaman keçid balı yüksək olub. Birdən-birə qabiliyyət imtahanı ilə keçid balı arasında tərs mütənasiblik yarandı. Bu, elə bir məsələdir ki, bizim arzumuza, istəyimizə görə olmur. Düzdür, biz müəyyən limit qoya bilərik. Məsələn, 300-350 baldan aşağı toplayan abituriyent bu ixtisası seçə bilməsin. Hələlik, belə bir fikrimiz yoxdur. Düşünürük ki, bal qalxmalıdır. Jurnalistika kifayət qədər dəbdə olan sahədir. Bura həm maraq, həm də axın çoxdur. Bu nöqteyi-nəzərdən keçid balı getdikcə qalxacaq”.
Qeyd edək k, 2014-cü ildən Jurnalistika fakültəsinə qəbul qabiliyyət imtahanı əsasında aparılır.