AzEdu.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə müsahibəni təqdim edir:
-Qurban müəllim, Respublika Seysmoloji Xidmət Mərkəzinin nəzdində Tədris Şöbəsi yaradılıb. Öncə, bu şöbənin fəaliyyət istiqamətləri haqqında fikirlərinizi öyrənmək istəyərdik...
-7-8 ilə yaxındır ki, Seysmoloji Xidmət Mərkəzinin nəzdində Tədris Şöbəsi yaradılıb. Burada rus, ingilis və kompüter elmlərinin öyrənilməsi ilə yanaşı, bir sıra sahələr üzrə (seysmologiya, geodinamika, ümumi geofizika, palçıq vulkanları) dərslər tədris olunur.
Mütəmadi olaraq, 3 aydan bir burada təhsil alan şəxslərin bilik səviyyəsini yoxlamaq üçün test imtahanı keçirilir. Bununla da biz həmin şəxslərin hazırlığının hansı səviyyədə olduğunu qiymətləndirə bilirik.
Kimdə ki, çalışqanlıq və həvəs yoxdur, onlara başqa sahələr üzrə istiqamətlənməyi məsləhət görürəm, çünki elmə həvəsləri yoxdur.
Hazırladığımız tələbələrdən 7-si hazırda xarici ölkələrdədir. Aralarında Çin, İtaliya, Polşa, Türkiyə, və Hollandiyada oxuyan şəxslər var; bəziləri doktorantura, bəziləri isə magistratura təhsil alırlar.
Kadr hazırlığı məsələsi çox vacibsə də, lakin bu bir tərəfdən də bizim üçün ağırdır. Hazırladığımız tələbələrin çoxu digər şirkətlərdə işləmək istəyir və ora üz tuturlar.
Tələbələr burada dil biliklərinə və kompüter proqramlarında işləmək bacarığına yiyələnirlər. Həmçinin, ixtisasları üzrə ilkin təcrübələr toplayırlar. Sonra isə CV-lərini başqa müəssisələrə göndərir və oraya dəvət alırlar. Yanvar ayından etibarən 20-dən çox tələbəmiz buradan başqa şirkətlərə üz tutub. Bunun əsas səbəbi isə maaşla əlaqədardır. Başqa müəssisələr bizdəki maaşdan daha çoxunu təklif edirlər.
Tələbələrimizdən magistraturaya daxil olanlar da var. Onlar Neft və Sənaye Universitetinə, Bakı Dövlət Universitetinə qəbul olublar. Bəziləri isə pullu təhsil ala bilmədikləri üçün imtina ediblər”.
-Qurban müəllim, qeyd etdiniz ki, gənc kadrlar burada təhsil aldıqdan sonra başqa yerlərə iş üçün üz tuturlar. Siz onların burada qalması və bir seysmoloq kimi formalaşması üçün nə kimi addımlar atırsınız?
-Gənclərin kadr hazırlığı məsələsini çox ciddi şəkildə düşünürəm. Elm və təhsil hər zaman vəhdətdə olmalıdır. Hər zaman söyləyirəm ki, maaş az olsa belə, qorxmaq lazım deyil.
Bir çox beynəlxalq layihələr əsnasında xarici şirkətlərlə əməkdaşlıq edirik. Amerika, Almaniya, Yaponiya və digər ölkələrlə beynəlxalq səviyyədə əməkdaşlıq həyata keçiririk. Gənclər bu əməkdaşlıqdan yararlanmalıdır.
Bizi seçən tələbələr də beynəlxalq səviyyəli alimlərlə ünsiyyətdə olmaq imkanı əldə edirlər. Layihələrimizin bir çoxu SOCAR və Elmin İnkişaf Fondu ilə bərabər həyata keçirilir. Yeni layihəmiz çərçivəsində Azərbaycanda seysmik şəbəkə sisteminin genişləndirilməsi üzrə 20-dən çox seysmik stansiya yaradılacaq. Həmin layihə bir milyon 300 mindən çox maliyyə tələb edir və bu pulla şəbəkəni alıb bizə verəcəklər. Buraya bir çox treninqlər daxildir. Belə ki, layihədə iştirak edən şəxslər Amerikaya gedərək orada treninqlər keçəcək.
Gənclərə maddi-texniki dəstək verilməlidir. Çünki onların buna ehtiyacları kifayət qədər çoxdur.
İndiki dövr gənclərin zamanı olduğu üçün biz onlarla işləməyə üstünlük veririk. UFAZ-da təhsil alan tələbələrlə əlaqələr yaradırıq. Bizim mütəxəssislər həmin tələbələri öyrədir və onlar üçün açıq hava şəraitində təcrübələr keçirlər.
Məktəblərdə zəlzələ zamanı, zəlzələdən öncə, zəlzələdən sonra hansı tədbirlərin həyata keçirilməsi ilə bağlı təlimatlar veririk. Zəlzələ zamanı davranış qaydalarını öyrədirik. Nəinki, Bakı məktəblərində, eləcə də Qobustanda, Şamaxıda və bir çox rayonlarda praktiki təcrübələr keçiririk. Bəzilərinə alimləri də dəvət edirik.
Yeri gəlmişkən... Qurban müəllim söhbətin bu yerində elektron lövhənin köməyilə bizə gördükləri və görəcəkləri işlər barəsində məlumat vermək istəyir. “Buyurun” deyib, professoru dinləyirik:
-2012-ci ildə Avropa Seysmoloji Komissiyasının apardığı konfrans zamanı orada bəzi işlərimizi göstərdim və təklif etdim ki, tək seysmologiya ilə yox, geokimyanın, geofizikanın tədqiqatlardan istifadə olunmalıdır. Öz sistemimizi göstərdikdə digər ölkələr onlarda belə bir sistemin olmadığını dedilər. Bu ilin may ayında Rusiya Milli Elmlər Akademiyasının prezidenti Bakıya gəlmişdi. O, AMEA-nın cəmi 3 elmi obyektində oldu: Fizika İnstitutu, bizim Seysmoloji Mərkəz və İnformasiya Texnologiyaları İnstitutu. O, apardığımız işləri və alınan nəticələri gördükdə heyrətə gəldi və Rəyasət Heyətinin iclasında dedi ki, biz seysmologiyanın tədqiqatlarını sizdən öyrənməliyik. Lakin çatışmayan cəhətlərimiz çoxdur. Ən böyük problem də oğlanların bu sahədən uzaqlaşmasıdır. Buraya gəlib təcrübə toplayan tələbələr üç aylıq testdən keçdikdən sonra başqa şirkətlərə üz tuturlar.
Ötən il Rusiya Federasiyası sürüşmələr, palçıq vulkanlarının ətraf mühitə təsirini istiqamətində 67 ölkə arasında bizi fərqləndirərək sertifikatla təltif etdi.160-dan çox ölkə burada iştirak edirdi.
Amma ən ağır və yaralı yerimiz kadr hazırlığı məsələsidir. Çünki gənclərimiz maddi cəhətdən daha çox pul təklif edən yerlərə üz tuturlar. Burada öyrəndiklərini gedib başqa şirkətlərdə tətbiq edirlər.
Bizim xaricilərlə iş birliyimiz var. Layihələrimizi Amerikanın ən bahalı proqramları ilə həyata keçiririk.
Ulu Öndər 2000-ci il noyabrın 25-də baş verən zəlzələdən sonra Azərbaycanda seysmik tədqiqatların ən müasir avadanlıqlarla təchiz olunmasını təklif etdi. Hazırda 60 stansiyamız var və 20-nin açılması gözlənilir. Bu, Azərbaycan üçün çox böyük bir göstəricidir. Çünki stansiyaların sayının çox və yaxın olması yerin daxilində gedən hər bir məsələni izləməyə imkan verir.
Biraz da mərkəzin iş mexanizmi haqqında danışır...
-Apardığımız tədqiqatlar seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlardı. Burada ayrı-ayrı elmi şöbələr var. Zəlzələ baş verdikdən sonra o hansı təsir dairəsini əhatə edib, orada hansı dağıntılar olub onu müəyyən edə bilirik. Bunlar elmi istiqamətdə aparılan işlərdir. İşçilərimiz açıq havada poliqon boyu ölçmə işləri aparır. CPRS stansiyaları stasionar şəkildə litosferdə gedən prosesləri öyrənir. Blokların istiqamətini müəyyən etmək üçün sutka ərzində işlər aparılır. Bu stansiyalarda peyklər yerləşdirilib və burada 24 ə yaxın peyk mövcuddur. Qaz-kimya sahəsi var ki , o, da qazların qrunt sularda dəyişməsini öyrənir. Burada aparılan tədqiqatlar sayəsində gərginliyin deformasiya vəziyyətində olduğunu bilmək olur.
Biz vulkanları, onun dərinliklərini və saniyələr ərzində baş verən dəyişikləri izləyə bilirik. Orada ayrılan enerjinin hamısını bilmək mümkündür. Əməkdaşlarımız bunu müəyyən edə bilirlər. Partlayışda püskürmə getdikdə və palçıq çıxdıqda onun parametrləri təşkilat tərəfindən müəyyən olunur. Kəlbəcərdə qızıl yataqlarında aparılan partlayışlar, Filizçayda istehsalatla əlaqədar aparılan partlayışlar sirkələnməyə səbəb olur. Onun üçün bu da zəlzələyə aid edilir. Müəyyən bir yerdə tikinti getdikdə ağır bir şey düşür insanlar bunu zəlzələ hesab edirlər. Eləcə də nüvə partlayışları baş verdikdə bizim cihazlarımız onu qeyd edə bilir. 2000 kilometrə qədər yerin dərinliyində baş verən hadisələri müəyyən edə bilirik”.
-Yenidən suallara keçirik: Orta məktəblərdə seysmoloji tədqiqatlara həvəsin artırılması üçün nə kimi işlər həyata keçirmək olar?
-Bu yaxınlarda 189-190 nömrəli və Zərifə Əliyeva adına liseydə olduq. Bu məktəblərdə şagirdlərin seysmologiyaya böyük həvəsi var. Onlar elə suallar ünvanlayırlar ki, sanki məktəbli deyil, bu sahədə çalışan mütəxəssislərdilər. Bu sahəyə marağı olan gənclər var. Apardığımız işlər uşaqlara cəlbedici gəlir. Maraq göstərənlər kifayət qədərdir. Biz məktəblərdə şagirdlərin bu sahəyə marağının artırılması istiqamətində treninqlər keçiririk. Onlar bu istiqamətdə qərar verirlər ki, seysmoloq ola bilərlər, ya yox.
-Burada belə bir sual ortaya çıxır: orta məktəb binalarının zəlzələyə davamlılığı nə dərəcədədir?
-Binalar tikinti normativlərinə cavab verməlidir. Lakin bir çox binalar o normativlərə cavab vermir. Biz əvvəllər tikilən binanın seysmik ballılığını təklif edirdik. Son zamanlar isə bunu etmirik. Tikinti şirkətləri bizlə məsləhətləşmirlər. Deyə bilmərəm ki, tikinti təşkilatı niyə gəlmir. Həmin binaların tikintisi konstruktur tərəfindən layihələndirilir. Tikintidə armatur, betonun markası nəzərə alınmalı, tikinti materialları normativlərə uyğun olmalıdır. Əvvəllər tikinti təşkilatları layihələri verir və bizim işçilərimiz həmin ərazidə tədqiqatlar aparırdılar.
Elə bina var ki, onun bir qanadı 8 bal, digəri isə 9 bal gücünə davamlıdır. Zəlzələ baş verdikdə həmin binanın bir qanadında dağıntı çox, digər qanadında isə az olacaq. Bakıda belə binaların sayı çoxdur. Əslində qanadlar eyni olmalıdır.
Abşeron yarımadası mürəkkəb geoloji quruluşa malikdir və burda sürüşmə zonası var.
26 sentyabrda Türkiyədə 5,8 bal gücündə zəlzələ baş verdi. Bu, insanları böyük təşvişə saldı. Bir çox türkiyəli seysmoloqlar isə olduqca dəhşətli bir fakt irəli sürdülər. Seysmik zona olan Mərmərə dənizində 2030-cu ilə qədər 7,9 bal gücündə zəlzələ baş verəcək. Bu 300 min insanın ölümünə, 500 insanın isə yaralanmasına səbəb olacaq. Bu dəhşətli proqnozun gələcəyini siz bir seysmoloq kimi necə qiymətləndirirsiz?
-Kocaeli Universiteti 1999-cu il zəlzələsinin 20 illiyi ilə bağlı keçirilən iclasında məndə iştirak edirdim və Türkiyədə idim. Baş verən zəlzələni telefonumla çəkdim. Zəlzələnin baş verdiyi İzmit Mərmərə dənizinin yaxınlığında yerləşir. Bu zəlzələ ilə bağlı müxtəlif rəqəmlər səsləndirildi:5,7,5,8 və s Rixter şkalası üzrə qiymətlər verildi. Fərqli rəqəmlərin səbəbi hansı məsafədən və hansı cihazlar vasitəsi ilə ölçməkdən asılıdır. Bu məsafə etibarı ilə baş verir. Bu sahəni hamı bilmədiyi üçün çox detalları açmağa da ehtiyac yoxdur. Seysmologiyada dünyada qəbul olunan belə bir məsələ var: əvvəlcə ilkin məlumatı verirsən, sonra isə analiz edirlər. Bu, dünyada qəbul olunan tendensiyadı.
Mərmərə dənizində aktiv tektonik qırılmalar var. Orada tez-tez zəlzələlər baş verir. Bunun həm İstanbula, həm də İzmitə güclü təsiri var. İstanbulda yeni qərar qəbul edilib, 200 illik tarixi olan və köhnə memarlıq üslubu ilə tikilən binaları yenidən təmir etmək lazımdır. İstər-istəməz bina öz keyfiyyətini itirir. Tək zəlzələnin yox, yağış və küləyin də təsiri böyükdür. Yeni tikilən binalar da bir necə il keçdikdən sonra malası getməyə başlayır. Bu, təbii prosesdir.
Sentyabrın 26-da baş verən zəlzələdə minarə qırılmışdı. 2030-a qədər zəlzələ ola da bilər, olmaya da... Olmasa da kimsə “niyə olmadı?” sual verməyəcək.
Bizdə proqnoz etməyə çalışan insanlar çoxdu. Bir çox insanlar Bakıda zəlzələ olacağını deyir. Bunların hamısı populist çıxışlardı və şou məqsədi güdür. Bu da əhali arasında tez yayılır. Məktəblərdə maarifləndirmə işi geniş şəkildə aparılmalıdır ki, insanlar buna soyuqqanlılıqla qarşılaya bilsinlər.
O zaman ölüm hadisəsi baş verir ki, zəlzələ zamanı insanlar panikaya düşərək özlərini atır və intihar edirlər. Mərmərə dənizi aktiv bölgədi və orada zəlzələ ehtimalı hər zaman var.
Bu gün ölkədə 17 təkan olub. Ola bilsin ki, onların hər hansısa biri hiss edilən olub.
Zəlzələ saniyələrlə baş verir. Dəqiq proqnozu isə bilmək olmur. Proqnozun müxtəlif növləri var: Qısamüddətli, ortamüddətli və uzun müddətli.
1999-cu ildə Vanda baş verən zəlzələnin xəritəsinə baxdıqda dalğaların paralel istiqamətdə olduğu görülür. Halbuki, seysmik dalğalar pərakəndə şəkildə olmalıdır. Bu belə bir şaiyəni ortaya çıxarır ki, həmin zəlzələ fərqli səbəbdən, məqsədli və süni şəkildə həyata keçirilib...
-...Bunlar tektonik qırılmalardır. Ola bilsin ki, bu tektonik qırılmanın müəyyən hissəsi aktiv olsun. Müəyyən müddətdən sonra başqa hissəsi də aktiv ola bilər. Baxır hansı dövrdə baş verib. Bu da bloklardan asılıdı. Blokların hamısı hərəkətdədi və biri digərini sıxır. Təsəvvür edin ki, iki maşın yola gedir. Biri 100 kilometr sürətlə, digəri isə 120 kilometr sürətlə.120 kilometrlik maşın digərinə çatdıqda onu keçə bilmir və sıxmağa başlayır. Müəyyən müddətdə laylar arasında parçalanmalar gedir. Vaxtı ilə o qədər parçalanma gedib ki, süxur laylardan ibarət olub. Bu da dalğa formasında təsirlərdən ibarətdir. Zəlzələ dərinlik və gücdən asılı olaraq yer üzərində müəyyən fəsadlar törədir. Əgər gərginlik deformasiya vəziyyətindədirsə və ocaqda hazırlıq gedirsə zəlzələ aktivləşir. Bu onu tezləşdirir və həyata keçirir. Sanki bir provakasiya kimi onu oyadır. Bu süni zəlzələnin əmələ gətirdiyi həmin ocaqdır.
Yerin altı metro deyil ki, insanlar istədiyini etsin. Məsafədə atılan bombaların, atomların təsiri olur və həmin bölgələrdə zəlzələ və vulkanlar baş verir. Təbii zəlzələ ilə süni və partlayış zəlzələsi bir birindən fərqlənir.