Kurikulum sözünün lüğəti mənası “yol”, “istiqamət” deməkdir. Daha sonra elm və təhsil sahələrində termin kimi işlənməyə başlayıb.
Kurikulum proqramının özəlliklərindən biri dərs zamanı bütün şagirdlərin diqqət mərkəzində olmasıdır. Burada həm zəif, həm də çalışqan şagirdlər yaradıcı fəaliyyət göstərməyə başlayırlar.
Fəal təlim yaxud interaktiv iş formaları adı ilə tanınan bu üsullar kurikulum proqramının və müasir dərs modelinin əsas özəyini təşkil edir. Ənənəvi üsuldan fərqli olaraq, interaktiv təlim şagirdi obyekt olaraq görmür, onu subyekt kimi qəbul edir.
İnteraktiv dərslərdə fərdi, cütlərlə, kiçik qruplarla, bütün siniflə birgə işlərdən istifadə edilir. İş formalarının hər birinin mahiyyəti barədə müəllimin dolğun təsəvvürünün olması vacibdir. Bu təsəvvürü qazanan müəllim praktik fəaliyyətini səmərəli qurmaqda çətinlik çəkmir. İş formalarının mahiyyətini yığcam da olsa, nəzərdən keçirək:
Fərdi iş - Burada tapşırığın icrası bir nəfərə aid olur. Şagird qoyulan sualın cavabını bir dəftər vərəqinə qeyd edir;
Cütlərlə iş -Təklif olunan tapşırıq burada iki nəfərin iştirakı ilə həll olunur. Şagirdlər tapşırığın tələblərini birlikdə öyrənir və müzakirə fonunda yerinə yetirirlər. Müzakirənin nəticəsi şifahi və yazılı formada icra oluna bilər. Yazılı formada bir vərəqdə əksini tapmalıdır.
Kiçik qruplarda iş - Burada 5-6 nəfərin iştirakı ilə görülən birgə işdir. Verilən tapşırıq qrup halında nəzərdən keçirilir, müzakirə olunur və yekun qənaətlər ümumi razılıq əsasında iş vərəqlərində qeyd olunur. Kiçik qruplarla iş interaktiv dərslərin sıx müraciət etdiyi iş formasıdır.
Bu zaman sinifdə şagirdlərin miqdarı nəzərə alınmaqla 4-5 qrup yaradıla bilər. 25 nəfərlik sinifdə kiçik qrupu formalaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə oluna bilər.
Bütün siniflə birgə iş -Bütün sinif üçün nəzərdə tutulan iş formasıdır.
Dərslərdə iş formasının seçilməsi proqram materialının xarakterindən, hansı axtarış formasının seçilməsindən, şagirdlərin yaş və bilik səviyyəsindən asılıdır.
İnteraktiv dərslərdə adətən bir neçə iş formasından istifadə olunur. Bu da öz növbəsində şagirdlərlə işin rəngarəngliyini, dərsin mobilliyini təmin edir.
Qeyd edək ki, fəal təlim anlayışına bəzən interaktiv təlim metodları da deyilir. İnteraktiv təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsi hər şeydən üstün tutulur. Burada iki cəhətə önəm verilir. Birincisi idrak fəallığının yaradılması, ikincisi onun davamlılığına nail olunmasıdır.