Azedu.az

MİQ imtahanı ödənişli olacaq - Səbəb AÇIQLANDI

MİQ

24 Oktyabr 2025, 16:06
MİQ imtahanı ödənişli olacaq - Səbəb AÇIQLANDI

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqla digər şəxslər üçün ödənişli olacaq.

AzEdu.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Layihədə bildirilib ki, "Ümumi təhsil haqqında" Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən tənzimlənir. Həmin Qaydalara uyğun olaraq müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.

Layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə sözügedən müsabiqədə iştirakın ödənişli olması təklif edilir.

Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Qeyd edilib ki, layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarının məsuliyyətinin artırılmasına xidmət göstərəcək.

Elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, müəllimlərin işə qəbulu iki mərhələdən ibarətdir. Test mərhələsi sadə mərhələ deyil, prosesdir. “2024-cü ildə  60 669 nəfər, 2025-ci ildə isə 65 573 nəfər müəllimlərin işə qəbulu imtahanına müraciət edib. 2024-cü ildə müraciət edənlərin 34 faizi ilk dəfə, 66 faizi təkrar 2025-ci ildə isə imtahanda iştirak edənlərin 33 faizi ilk dəfə, 67 faizi təkrar müraciət edənlərdir. Müraciət edənlərin orta hesabla 18-20 faizi bu prosesdə iştirak etmir” - nazir müavini bildirib. 

O qeyd edib ki, bu kimi hallar maliyyə israfına yol açır: “Test imtahanı keçirilirsə test bankları hazırlanmalıdır, maddi-texniki baza, ekspert və müəllimlər bu prosesə cəlb olunur. Bu imtahana ildə 2,5 milyon manat pul xərcləyirik. Müraciət edib iştirak etməyən şəxslərə xərclənən xərclər əvəzinə 200 nəfər tələbənin təhsil haqqını ödəyə bilərik” - deyə o bildirib.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox