Müasir dövrdə təhsil sisteminin keyfiyyət göstəriciləri birbaşa müəllim kadrlarının peşəkarlıq səviyyəsi ilə müəyyən olunur. Qloballaşma və texnoloji inkişaf fonunda əmək bazarının tələbləri dəyişir, nəticədə tədris prosesində yeni bilik və bacarıqlara malik müəllimlərə ehtiyac yaranır. Xüsusilə riyaziyyat, informatika və ingilis dili kimi fənlər üzrə ixtisaslaşmış pedaqoqların çatışmazlığı ümumtəhsil sistemində özünü aydın şəkildə göstərir.
Maraqlıdır, ən çox hansı fənn müəlliminə orta məktəblərdə ehtiyac var?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Hədəf liseyi direktoru Elmin Yaqubbəyli qeyd edib ki hazırda ümumtəhsil sistemində müəllim kadrlara olan tələbatın elmi təhlili göstərir ki, ən çox ehtiyac duyulan istiqamətlər riyaziyyat, informatika və ingilis dili fənləri üzrə ixtisaslaşmış müəllimlərdir:
"Bu ehtiyac həm əmək bazarının tələbləri, həm də milli təhsil strategiyasının prioritetləri ilə uzlaşır.
Riyaziyyat fənni üzrə müəllim çatışmazlığı struktur xarakter daşıyır. Bu fənn şagirdlərin analitik və məntiqi düşünmə bacarıqlarını formalaşdıran əsas sahə olduğundan, onun tədris keyfiyyəti birbaşa ümumi təhsil nəticələrinə təsir göstərir. Son illərin buraxılış və qəbul imtahanlarının nəticələri göstərir ki, riyaziyyat üzrə bilik səviyyəsi aşağı dinamikadadır. Bu isə həm ixtisaslı kadrların yaşlanması, həm də gənc müəllimlər arasında bu istiqamətə marağın azalması ilə əlaqələndirilir.
İnformatika fənni üzrə vəziyyət texnoloji transformasiyanın sürətlənməsi fonunda daha kritik xarakter daşıyır. XXI əsrdə rəqəmsal savadlılıq və proqramlaşdırma bacarıqları təhsilin mərkəzi komponentinə çevrilmişdir. Lakin məktəblərdə informatika tədrisi çox zaman köhnə proqramlara əsaslanır və praktik komponentlər zəifdir. Bu da onu göstərir ki, sistemdə müasir İKT bacarıqlarına və innovativ tədris metodikasına malik müəllimlərin sayı yetərli deyil.
İngilis dili fənni üzrə vəziyyət say göstəricilərinə görə qənaətbəxş olsa da, keyfiyyət baxımından problemlər qalmaqdadır. Dilin kommunikativ bacarıqlar üzərindən öyrədilməsi, müasir metodologiyaların (CLT, Task-Based Learning və s.) tətbiqi hələ geniş yayılmayıb. Buna görə də, beynəlxalq standartlara uyğun tədris apara bilən, praktik yönümlü dil müəllimlərinə tələbat artmaqdadır".
Kimya və fizika fənləri üzrə sertifikasiya nəticələrinin zəif olması bu istiqamətlərdə də gələcəkdə kadr çatışmazlığı riskinin mövcudluğunu göstərir
"Bu fənlərin mahiyyətcə eksperimental xarakter daşıması onların tədrisində praktik bacarıqların və laborator şəraitin əhəmiyyətini artırır. Müəllimlərin bir qismi bu bacarıqlara malik olmadığından, tədrisin nəticəliliyi aşağı düşür.
Elmi yanaşma ilə desək, problemin kökü yalnız kvantitativ deyil (yəni müəllim sayının azlığı), eyni zamanda kvalitativ xarakter daşıyır – yəni mövcud müəllimlərin metodik, pedaqoji və texnoloji hazırlıq səviyyəsi müasir təhsil tələblərinə tam cavab vermir. Bu səbəbdən, təhsil sistemində prioritet istiqamət kimi müəllimlərin davamlı peşəkar inkişafı, innovativ tədris metodlarının tətbiqi və fənlərarası inteqrasiyanın gücləndirilməsi göstərilə bilər.
Nəticə etibarilə, növbəti illərdə riyaziyyat, informatika və ingilis dili üzrə peşəkar və metodik cəhətdən yetkin müəllimlərin hazırlanması və məktəblərə cəlbi təhsil sisteminin əsas strateji məqsədlərindən biri kimi dəyərləndirilməlidir".