Bu gün MİQ müsahibə mərhələsinin ilk günüdür. Rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunur.
AzEdu.az xəbər verir ki, Salyan rayonu Qarabağlı kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Zeynəb Məmmədli MİQ müsahibə mərhələsiylə bağlı fikirlərini bölüşüb:
Müəllimlərin İşə Qəbulu müsabiqəsinin müsahibə mərhələsində verilən suallardan biri belədir:
"Dərs keçdiyiniz zaman sinfə hər hansısa bir heyvan – fil, quş və s. daxil olarsa, nə edərsiniz?"
Bəzi insanlar bu sualı gülüş doğuran, hətta ələ salınacaq bir şey kimi təqdim edirlər. Amma mən, 8 illik pedaqoji fəaliyyətimdə kənd məktəblərində çalışan bir müəllim kimi, bununla razı deyiləm.
Bu cür suallar qeyri-adi görünsə də, əslində bizim təxəyyülümüzün genişliyini, ən əsası isə gözlənilməz situasiyalarda necə adekvat qərar verəcəyimizi yoxlamaq üçündür. Çünki müəllimlik elə bir peşədir ki, bəzən müsahibədə verilən bu “qəribə” suallardan da qəribə halların tam mərkəzində qala bilərik".
Öz təcrübəmdən real misallar var
"Pedaqoji fəaliyyətimin ilk illərində dərs zamanı sinfə naməlum bir böcək girmişdi. Qorxudan sinfi tərk etdim və yalnız uşaqlar onu kənara çıxardıqdan sonra geri qayıtdım. Həmin gün çox düşündüm: bəs əgər şagirdlər də mənim kimi qorxmuş olsaydı? O hadisə mənə dərs oldu.
Bir neçə il sonra isə sinifdə balaca bir siçan peyda oldu. Şagirdlər hələ görməmişdilər. Səs-küy yaranmasın deyə əvvəlcə sakitcə mövzunu bağladım, sonra uşaqlara siçanların da canlı olduğunu, qorxulu olmadığını danışdım. Onları sakitləşdirdim, hətta siçanı maraqla izlədilər. Dərsin sonunda texniki işçilər onu məktəbdən kənarda buraxdılar. Maraqlısı odur ki, mən normalda siçanlardan çox qorxuram. Amma o anda şagirdlərin qarşısında tam əksini nümayiş etdirmək məcburiyyətində idim və bu, həm mənim üçün, həm də şagirdlər üçün gözəl təcrübə oldu.
Dağ kəndində işlədiyim illərdə isə dərs zamanı sinfə hinduşka girmişdi. Onda da zarafatla “qonağımız xoş gəlib” dedim və dərsi pozmadan sakitcə bayıra çıxartdım".
MİQ sualları əslində realdır
"Bütün bunlar onu göstərir ki, müsahibədə verilən “qəribə” sual əslində çox realdır. Çünki müəllim hər gün gözlənilməz hallarla üz-üzə qala bilər. Əsas məsələ uşaqlara təhlükəsizlik, adekvat reaksiya və sakitliyi aşılamaqdır.
Demək istədiyim odur ki, müəllimlik sadəcə dərs izah etmək deyil. Müəllim hər gün qarşısında oturan uşaqlara davranışı, sakitliyi və münasibəti ilə həyat dərsi keçir. Bəzən sinif otağı kitabdan daha böyük bir dərsliyə çevrilir.
Çünki müəllimlik - gözlənilməz anlarda belə uşaqlar üçün güvənc, təmkin və dayaq ola bilməkdir".