Xəbər verdiyimiz kimi, iyulun 8-də kimya müəllimləri üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı həyata keçirilib.
Belə ki, iştirakçılar arasından yüksək bal toplayanlardan biri də Güldanə Səfərovadır. O, imtahandan 96.5 bal toplayıb.
AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
Dərs demək üçün evindən xeyli məsafə qət edən müəllim Sumqayıtda çalışmaq istəyir:
"2017-ci ildə Sumqayıt Dövlət Universitetini bitirmişəm. Sumqayıtda yaşasam da artıq beş ildən çoxdur ki, müəllimlik fəaliyyətin üçün hər gün Siyəzənə yollanıram. Keçən il MİQ imtahanında iştirak edərək 80 bal toplamışam. Sertifikasiya balım isə 50-dir. MİQ-in suallarının zaman bölgüsü daha düzgün idi deyə nəticəm burada daha yüksək oldu. Hətta 18 dəqiqə artıq vaxtım qaldı. Özümdən bu balı gözləyirdim.
İmtahanında iştirak edib yüksək bal toplamaq istəyən həmkarlarıma tövsiyəm budur: xüsusilə də uşaqlı analar vaxt bölgüsünə diqqət etsinlər. Çünki bu xanımlar iş, ev və uşaq qayğılarını bir araya gətirməkdə çətinlik çəkirlər. Vaxtı düzgün bölmək, lazım gəlsə, yuxusundan da keçmək lazımdır. Mənim də keçən il nəticəm uğursuz olmuşdu. Amma bu il qətiyyətlə hazırlaşdım və nəticə əldə etdim.
Gələcəkdə yenidən iştirak etməyi düşünürəm. Bu il üçün əsas məqsədim iş yerimi dəyişmək yaşadığım əraziyə- Sumqayıta düşə bilməkdir".