Xəbər verdiyimiz kimi ötən günlərdə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ilk test imtahanı mərhələsində texnologiya, təsviri-incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənlərindən imtahan keçirilib.
İmtahanda iştirak edib yüksək nəticə əldə edənlərdən biri də Lalə Babayevadır. O, MİQ imtahanında təsviri incəsənət fənnindən 90.5 bal toplayıb.
AzEdu.az müəllimlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
İştirak etdiyi ilk MİQ imtahanında yüksək nəticə qazanan müəllim təhsilini cari ildə tamamlayıb:
“Universitetin 4-cü kursunu bu il bitirib ilk dəfə MİQ imtahanında iştirak etmişəm. Hazırda özəl bir kursda müəllim kimi çalışıram. Gələcəkdə müəllimlik fəaliyyətimi davam etdirmək və təhsilimi daha yüksək səviyyədə inkişaf etdirmək istəyirəm. İxtisasımı yaxşı bildiyimə görə sualların səviyyəsi mənim üçün ciddi problem yaratmadı. Hələ təhsil aldığım zamandan hazırlıq kursuna yazıldım. Müəllimlərim həmişə deyirdi ki, sən 90+ bal toplamalısan. Bu sözlər mənim üçün motivasiya idi. MİQ-də iştirak edib yüksək bal toplamaq istəyən həmkarlarıma səslənirəm: özünüzə inanın, əzmli olun və bu yolda verdiyiniz qərara sadiq qalın".