Müəllimlərin işə Qəbulu (MİQ) imtahanları, təhsil sisteminin keyfiyyətini artırmaq və peşəkar müəllim kadrlarını seçmək məqsədilə hər il keçirilir. Belə ki, ötən il ümumilikdə 50,264 namizəd test imtahanında iştirak edib.
Nəticədə 6,283 müəllim işə qəbul olunub. MÜTDA-nın direktoru Eşqi Bağırov qeyd edib ki, bu il rekord sayda - 70 minə yaxın namizəd sistemə müraciət edib.
Nəzərə alsaq ki, bu il daha çox müəllimin iştirakı planlaşdırılır...
Bəs görəsən, bu il işə qəbul ola bilməyən müəllimlərin sayı daha çox olacaqmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, Müəllimlərin işə qəbulu imtahanı ilə bağlı aşağıdakıları söyləyə bilər:
“Birinci mərhələdə test üsulu ilə sualların əks olunması - ixtisas fənni üzrə, pedaqogika və metodika fənləri üzrə namizədlər test mərhələsindən keçirilirlər və test mərhələsində uğur əldə edən namizədlər növbəti mərhələyə, yəni müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsindən də uğur əldə etdikləri təqdirdə artıq verilən vakansiyalar istiqamətində seçimlərə daxil olurlar. Keçən il hardasa 50 minə yaxın namizəd iştirak edib və bu namizədlərdən 6,283 müəllim işə qəbul olunub. Ümumiyyətlə, bu ilki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən məlumata görə, 70 minə yaxın namizəd test mərhələsi üçün müraciət edib.
Bu namizədlərdən də, əlbəttə ki, düşünürəm ki, hardasa 7/1 nisbətində işə qəbul olunma istiqamətində uğur əldə edə bilər. Mənim fikrim bu yöndədir. Çünki həmişə müraciət sayı çox olur, qəbul sayı az. Ona görə də uğur əldə edəcəklərin sayını 7/1 hesab edirəm. Amma biz ümumi anlayışa baxsaq, görərik ki, MİQ imtahanında vakansiya kifayət qədər azdırmı? Bu 6,283 müəllimin işə qəbul olunması kifayətdirmi? Məncə, hər il ixtisaslar üzrə plan yerləri dövlət tərəfindən artırılır. Bu da pedaqoji ixtisasların plan yerlərinin artmasına müəyyən qədər təsir göstərir. İldən-ilə bu artım namizədlərin MİQ imtahanında iştirakını da artırmış olur.
Bununla yanaşı, pedaqoji ixtisaslardan başqa, qeyri-pedaqoji ixtisasların da MİQ imtahanında iştirakı mümkündür. Elm və Təhsil Nazirliyi icazə verdi ki, riyaziyyat müəllimliyi ilə yanaşı riyaziyyat ixtisası, fizika müəllimliyi ilə yanaşı fizika ixtisası, kimya müəllimliyi ilə yanaşı kimya ixtisası, informasiya texnologiyaları - yəni İT yönümlü ixtisas sahibləri də MİQ imtahanında iştirak edə bilsin".
Ekspertin sözlərinə görə, yaxın gələcəkdə vakansiyaların sayı da artacaq:
“Eyni zamanda, dizayn ixtisası rəsm müəllimliyi üçün, dekorativ-tətbiqi sənət və digər əlaqəli ixtisaslar da rəsm müəllimliyi üçün, idman ixtisasları isə məşqçilik və idman müəllimliyi üzrə imtahanda iştirak edə bilər.
Bu da öz növbəsində namizəd sayının artmasına səbəb olur.
Düşünürəm ki, yaxın gələcəkdə vakansiyaların sayı da artacaq. Çünki işğaldan azad olunmuş ərazilərdə yeni məktəblər fəaliyyətə başlayacaq, bu da müəllim ehtiyacını artıracaq.
Digər tərəfdən, sertifikasiyadan uğur qazana bilməyən müəllimlərin əmək müqavilələrinə xitam veriləcək. Bu da vakansiya sayını artıracaq.
Fikrimcə, kəsilən müəllimlərin sayı çox olacaq. Hər zaman müsabiqədə uğur qazananların sayı, kəsilənlərin sayından az olur”, - deyə ekspert fikrini tamamlayıb.