Günümüzdə ali məktəbə qəbul olmaq üçün abituriyentlər repetitorlara üz tuturlar. Eyni zamanda gələcəkdə özünü müəllim kimi görən şagirdlərin əksəriyyəti də hazırlığa gedirlər. Lakin onlar üçün hazırlıq mərhələsi yenə də bitmir.
Belə ki, məzun olan tələbələr müəllimlərin işə qəbulu (MİQ)-də yüksək nəticə göstərmək üçün yolunu yenə müəllim yanından salırlar.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, hər bir ixtisas üzrə ali və orta ixtisas təhsil müəssisələri kadr hazırlığını dövlətin tələb etdiyi standarlara uyğun hazırlamalıdır:
“Azərbaycanda belədir ki, müəllimlik ixtisasını seçənlər həm ali məktəbə qəbul olmaq, həm də MİQ-də uğur qazanmaq üçün repetitorlara müraciət edirlər.
Cəmiyyətimizdə çox təəssüflər olsun ki, hər kəs təhsildən, müəllimdən danışır. Lakin bizdə müəllimin peşə standartı yoxdur və qəbul edilməyib. Müəllim kadrlarını nəyin əsasında hazırlayırıq? Yəni bugünkü Azərbaycan müəllimi kim olmalıdır? Hər bir fənn üzrə müəllim hansı kriteriyalara cavab verməlidir? Təəssüf ki, bu suallar hələki cavab tapılmayıb”.
Ekspert bildirib ki, ali və orta təhsil müəssisələrində tədris edilən mövzular MİQ-ə düşən mövzulardan fərqli olduğu üçün işə qəbul olmaq istəyən namizədlər müəllim yanına getməyə məcbur olurlar:
“Ali və orta ixtisas təhsili müəssisələrində həm magistrlar, həm bakalavrlar, həm də subbakalavrlar Nazirlər Kabinetinin hər bir ixtisas üzrə müəyyən etdiyi kreditlər əsasında dərslər təşkil olunur. Müəllimlərin işə qəbulu da həmin kreditləri nəzərə almaqla həyata keçirilməlidir. Bizdə ali təhsil və yaxud orta təhsil müəssisələrində müəllim hazırlığı zamanı başqa, işə qəbul imtahanında isə tamam ayrı mövzular salınır.
Ona görə də işə qəbul olmaq istəyən şəxslər məcburdurlar ki, əlavə hazırlıqlara cəlb olunsunlar. Çünki başqa yolları yoxdur. Bəs müəllimlərin işə qəbulu hazırlığını necə aradan qaldırmaq olar? Çox sadə. Müəllimlərin işə qəbulu imtahanında məhz ali və orta ixtisas təhsil müəssisələrində öyrədilən bilik və bacarıqlara uyğun suallar tərtib edilməlidir. O zaman artıq tələbə də ali məktəbdə öyrəndikləri əsasında gedib imtahan verə biləcək”, - ekspert fikrini yekunlaşdırıb.