Azedu.az

MİQ imtahanı universitetdə öyrədilənlərə əsasən keçirilməlidir

MİQ

18 Sentyabr 2024, 15:30
MİQ imtahanı universitetdə öyrədilənlərə əsasən keçirilməlidir

Müəllimlərin işə qəbulu imtahanında demək olar ki, illərdir maksimal bal toplanılmır. Bir çoxları düşünür ki, bu imtahanların ildən-ilə çətinləşməsi ilə bağlıdır.

 

Maraqlıdır, MİQ imtahanlarnı çətindir, yoxsa imtahan verən şəxslərin bilik və bacarıqlarımı yetərli deyil?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, MİQ müsabiqəsini beynəlxalq standartlara uyğunlaşdırmalıyıq:

 

“Müəllimlərin işə qəbulu müsabiqəsi mərkəzləşmiş qaydada 2011-ci ildən keçirilir. Zaman-zaman müsabiqə ilə bağlı istər təşkilati məsələlərdə, istərsə də suallarda olan nöqsanlar cəmiyyətdə və mətbuatda müzakirə olunan mövzuya çevrilir. Son illərdə MİQ müsabiqəsinin keçirilməsi zamanı müəyyən təşkilati problemlər aradan qaldırılıb. Prosesin şəffaf hala gətirilməsi üçün kifayət qədər işlər görülüb, amma üzücü hal ondan ibarətdir ki, MİQ müsabiqəsinin sualları pedaqoji kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin proqramı ilə uyğunlaşmır. Reallıq ondan ibarətdir ki, Azərbaycanda təhsilin hər bir pilləsi üzrə dövlət standartları var. Eyni zamanda hər bir peşə ixtisası üzrə kredit sistemi mövcuddur. Əslində pedaqoji sahədə kadr hazırlayan 22 ali məktəbin proqramları ilə MİQ müsabiqəsinin sualları üst-üstə düşməli, bu əsasla keçirilməlidir. Amma uzun illərdir hələ də bu qayda tətbiq edilməyib. MİQ-in sualları bir kitab üzərindən qurulur ki, bu da təəssüfedici haldır. Bu sahədə ciddi işlər görülməlidir”.

 

“Hər il MİQ müsabiqəsinin mövzuları ən gec dekabr ayında elan olunmalıdır”,- deyə ekspert vurğulayıb:

 

“MİQ-in qaydaları dəyişilməlidir. Beynəlxalq təcrübəyə baxsaq görərik ki, müəllim olmaq istəyən namizədin bilik və bacarıqları ilə yanaşı, onun peşəyə olan motivasiyası da ölçülür. Motivasiya məktubu müəllimin işə qəbul olmaq istəməsinin 50%-ni təşkil edir. O niyə müəllim olmaq istəyir, bu şəxsin müəllim olması ölkənin təhsil sisteminə nələr verəcək? Bunları bilmək üçün məhz o məktuba baxılmalıdır.

 

Ümumiyyətlə MİQ müsabiqəsində koqnitiv bacarıqlar da ölçülməlidir. Namizədin müəllim olmasını şərtləndirən əsas nüans onun psixoloji və pedaqoji  bilikləridir. Məsələn, Qazaxıstan təcrübəsinə baxsaq görərik ki, burada MİQ-də 50 sual təqdim olunur. Sualların 20-si, yəni 40%-i məhz metodikaya aiddir. Psixologiya, pedaqogika və s. Yerdə qalan 30 sual isə tədris edəcəyi fənnin metodikasına aiddir. Qazaxıstanda imtahanda “filan sualın cavabı nədir?” anlayışı olmur. Sadəcə “filan sualı hansı metodla şagirdə öyrədərsiniz?”, -deyə soruşulur. Düşünürəm ki, biz doğrudan da sistemdə peşəkar müəllimləri görmək istəyiriksə, daha bacarıqlıları və bilikliləri seçmək istəyiriksə, yeni mexanizmlər hazırlamalıyıq. Biliyin olması hələ müəllim kimi bacarığın olması demək deyil.

 

Təhsil islahatları davam edir, düşünürəm ki, yaxın gələcəkdə MİQ müsabiqəsini beynəlxalq standartlara uyğunlaşdıra biləcəyik”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox