Bu sözlər MİQ müsabiqəsində yüksək nəticə göstərən müəllimlərdən Şahin Məmmədova aiddir.
O, Gəncə Dövlət Universitetini 2006-cı ildə fərqlənmə diploma ilə bitirib. Daha sonra, 2006-2008-ci illərdə Sumqayıt Dövlət Universitetində Azərbaycan tarixinin qədim və orta əsrlər tarixi ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb.
Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Şahin müəllim tağım komandiri kimi xidmət edib.
O, bundan əvvəl də bir neçə dəfə MİQ-də iştirak edib. Sonuncu dəfə müsabiqənin test imtahanı mərhələsində 50 bal toplayan Şahin Məmmədov AzEdu.az-a açıqlamasında MİQ-lə bağlı təəssüratlarını bölüşüb:
“2012-ci ildə iştirak etdiyim MİQ müsabiqəsində 29, 2013-cü ildəsə 33 bal toplamışam. Son nəticəmə uyğun olaraq, Göygöl rayonu, Göyçəkənd məktəbində 8 ay işlədim. 2014-cü ildə öz ərizəmlə işdən çıxdım. Dövlət qulluğunda da işlədiyim üçün üçün iki işdə birdən çalışmağa icazə yox idi. 2016-cı il Aprel döyüşləri zamanı cəbhəyə yollandım. Daha sonra 2017-ci ildə MİQ-də 48 bal topladım və Samux rayonu, Köbər kənd Nizami adına tam orta məktəbində işləməyə başladım. Hazırda həmin məktəbdə dərs deyirəm. Sonuncu dəfə MİQ-də bu il iştirak etdim. Nəticəm 50 bal oldu.
Uşaqlara mövzuları ən düzgün metodla öyrətməyə çalışıram. Bir də özüm də gündəlik olaraq sanki bir şagird kimi dərsə hazır oluram. Elə buna görə də imtahan üçün xüsusi hazırlığa ehtiyac duymadım.
İmtahan pis keçmədi. Tarixə aid bütün tapşırıqları yerinə yetirdim. 5 sual orta, 3 sual nisbətən çətin idi. 2 sual isə çox çətin düşmüşdü.
Kurikuluma gəlincə eyni modelli suallar idi. Cəmi iki gün hazırlaşdığım üçün nəticəm zəif oldu. Məntiqdən 8 sualı rahat yazsam da 2 sual onluq kəsrlə bağlı olduğundan cavablaya bilmədim. Məncə o suallardan heç olmasa birini başqa formada da sala bilərdilər.
Bir müəllim kimi MİQ -ə münasibətim yaxşıdır. Məncə, ölkədə təhsillə bağlı görülən ən yaxşı işlərdən biri də məhz bu müsabiqədir. Əhalidə müəllimlər, onların savadına inamı artırır. Buna görə də hər il müraciət edənlərin sayı artır”.
Rəna Nəbi