Ötən gün “Azərbaycan müəllimi” ilə AzEdu.az Təhsil Portalının birgə keçirdiyi "İlin Gənc Müəllimi-2023" müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib.
Ölkənin müxtəlif bölgələrindən qalib olan iştirakçılar toplaşaraq Şuşaya- Mədəniyyət paytaxtımıza yola düşüblər. “İlin gənc müəllimləri” burada Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə diplomla təltif olunublar.
Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülçöhrə Xəlilova Şuşa təəssüratlarını AzEdu.az-a bölüşüb:
"Torpağı yoğurur vaxt özü qanla,
Vaxt gəldi bircə söz min dünya açar!
Salam, Şuşa. Mən gəldim...Bilirsən necə?Fəxrlə!
Bir gün sənə qayıdacağımı təsəvvür edirdim. Qürur, kədər, sevinc hisslərim qarışmışdı həmin an. İşğaldan azad olunmuş torpaqlara qədəm basdıqca ürəyim titrəyirdi sanki, quş kimi uçurdu, həm də göynərti də hiss edirdim. O adları, Ağdam, Xankəndi, Əsgəran, Şuşa adlarını oxuduqca həm kövrəlir, həm də ürəyim sanki dağa dönürdü.
Hələ Xocalı...
Xocalı sözünü oxuduqda gözlərimdən qeyri-ixtiyari yaş axmağa başladı...Bir başqadır.
Xocalı mənim üçün, dərdlidir, yaralıdır, böyüməyən uşaqlardır Xocalı...Nakam arzular, yaşanmamış həyatdır Xocalı. Ancaq indi sevinc qarışıq kədərlə o yolları keçdikcə həyat gördüm Xocalıda...Xəyallarım gerçək olmuşdu...
Mən həmin yerləri gördükcə uşaqlıq xatirələrim canlanırdı. 4-5 yaşlarımda olarkən Xocavənddə gəzdiyim o uşaqlıq xatirələri məni rahat buraxmırdı, şagirdlərimə danışırdım həmin yerləri, təsvir edirdim. Vətənpərvərlik hissi ilə alışıb-yanırdı onlar. Bir gün o torpaqlara mütləq qayıdacağıq deyirdim və o gün gəldi.
Əziz Şuşam, tarixlərin şahidisən, nələr-nələr çəkməyib sənin başın?!
Dişiylə dırnağıyla səni geri alan oğullarının qəhrəmanlığı dillərdə dastan oldu, dünya durduqca danışılacaq, hüsnünə hələ necə gözəl-gözəl şeirlər yazılacaq! Sənin yolunda can qoyan qəhrəmanlarımdan əsrlər keçsə də danışılacaq, tarixin yaddaşına qızıl hərflərlə həkk olunacaqlar!
Hisslərimi qələmə tökdükcə gözümün önündə şəhid şagirdlərim canlanır, kədər qarışıq qürur hissi çulğalayıb, məni Zəfər Günlərinə qaytarır. XTQ giziri,adı əfsanəyə çevrilmiş Kərim Əliyev, XTQ leytenantı Elnur Vəliyev sanki üzümə gülümsəyir, o torpaqları geri aldıq, müəllim deyir...Hələ canlı qəhrəmanlarım Şuşa medallı Orxan Cəlilov, İbrahim İbrahimov, fəxrlə Şuşanı azad etməklərindən danışarkən ürəyimin necə fəxarət hissi ilə böyüdüyünü hiss edirəm..
Artıq rahat nəfəs alırsan, Şuşam, çünki doğma sakinlərin sənə məlhəm oldu, sənin yaralarını sarıyır. Xatirələrimdən silinə bilməz sənə gəlməyim və "İlin gənc müəllimi" olaraq təltif olunmağım. Bu hissi yaşamaq o qədər gözlədir ki, sanki sözlər sönük qalır, hissləri sözlə təsvir etməkdə çətinlik çəkirsən...
Ancaq gerçəklik odur ki, biz qayıtdıq!
Qalib ölkənin qalib müəllimi olaraq minnətdarlıq duyğusu və coşqusu ilə səslənirəm! Var olsun, Ali Baş Komandanımız, Müzəffər Ordumuz!
Qoy şəhidlərimizin ruhu şad olsun!
Şad olsun ki, torpaqlarımızın doğma sakinləri geri qayıtdı, əsarət bitdi!