Dünya təcrübəsində erkən təhsil və onun nəzəri metodologiyası, eləcə də həyati tətbiq qabiliyyəti şagirdin formalaşmasında əsas meyar kimi götürülür. Erkən təhsil müddətində şagirdin əldə etdiyi üstünlüklər bütün təhsil həyatı boyu onu bir pillə irəli aparacaq şüuraltı mexanizmdir.
Uşaqların erkən yaşdan təhsil həyatına başlaması ilə bağlı cəmiyyətimiz demək olar ki, iki yerə ayrılıb. Bəziləri bunun uşaqların inkişafı və savadlanması yolunda müsbət addım kimi qarşılasa da, bəziləri erkən yaşdan uşaqların oyunlardan ayrılmasını, kitablarla yüklənməsini heç də məqsədəuyğun hesab etmir.
Araşdırmamız bunu göstərdi ki, hazırlıq qruplarında təhsil alan uşaqlar heç də bu vəziyyətdən narazı deyillər. Məktəbə gəlmək, yeni dostlar qazanmaq, kollektiv fəaliyyət, hər gün öyrəndikləri yeni biliklər və vərdişlər onlar üçün xoşdur və onlar bunu sevərək edirlər. Təbii ki, uşaqlarda məktəbə həvəs yaratmaq işində müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
Paytaxtın 245 saylı tam ümumtəhsil müəssisəsində azyaşlıların hərtərəfli inkişafı üçün çox vacib addımlar atılır. Fotolardan da də göründüyü kimi balacalar "Qızıl Payız" adlı tədbirlərinə çox böyük həvəslə hazırlaşıblar. Onlar rəngarəng və meyvə dolu payızın gözəlliyini öz siniflərinə gətirib, şeirləri, mahnıları ilə bu gözəlliyi canlandırırlar.
Bu onların həm zehni, həm də sosial inkişafları üçün atılan çox vacib ilk addımlardan biridir. Bu cür səhnəciklər azyaşlıların yaradıcılıq dünyalarına, onların həyata baxışlarına şüurlatı proses olaraq müsbət təsir göstərəcəkdir.