Mütəxəssislər süni intellektin məktəblərdə ayrıca fənn kimi tədris olunmasını təklif edir. Bu yeni yanaşma şagirdlər üçün maraqlı və gələcəyə yönəlmiş olsa da, dərsin effektivliyi əsasən müəllimlərin hazırlıq səviyyəsindən asılıdır. Şagirdlərdən əvvəl müəllimlərin bu sahədə maariflənməsi və lazımi biliklərə sahib olması zəruridir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlama verib.
"Bizim yaşadığımız dövr informasiya əsridir və informasiya texnologiyaları hər gün daha da sürətlə inkişaf edir. Bu amilləri nəzərə alanda, texnoloji proseslərdən geri qalmamaq və onlarla ayaqlaşmaq üçün müvafiq qərarlar qəbul edilməlidir.
Bildiyiniz kimi, cənab Prezidentin müvafiq sərəncamı əsasında Milli Süni İntellekt Mərkəzi yaradıldı. Artıq süni intellekt əsaslı bəzi ixtisaslar da yaradılıb. Magistratura pilləsində də süni intellekt istiqamətində kadr hazırlığı həyata keçirilir. Burada məqsəd peşəkar və pedoqoji kadrların hazırlanmasıdır.
Süni intellekt fənn olaraq tədris edilərsə, bir neçə aylıq təlimlərdən sonra bunu məktəblərdə informatika müəllimlərinə həvalə etmək mümkündür.
Əks halda, dərsə ixtisasla əlaqəsi olmayan şəxsləri cəlb etsək, effekti olmayacaq. Ona görə də buna ən uyğun qisim elə informatika müəllimləridir.
Həmçinin gələcəkdə bu işi "robot müəllimlər"lərin də icra etməsi uyğun ola bilər".