Azedu.az

“Məktəbdə ən rahat iş” müzakirəsi: psixoloq, laborant, yoxsa müəllim?

Məktəblər

27 Oktyabr 2025, 10:49
“Məktəbdə ən rahat iş” müzakirəsi: psixoloq, laborant, yoxsa müəllim?

Sosial şəbəkələrdə son günlər məktəblərdə çalışan laborant, kitabxanaçı və psixoloqların fəaliyyəti ilə bağlı müzakirələr geniş vüsət alıb. Bəziləri qeyd edir ki, bu vəzifələr məktəbdə “ən rahat işlər” sırasındadır, çünki həmin əməkdaşlar dərs keçmir, summativ qiymətləndirmə aparmır və ümumilikdə məktəbdə baş verən hadisələrə görə məsuliyyət daşımırlar.

Digər tərəfdən isə bir çoxları bu fikirlə razılaşmır və bildirir ki, bu ixtisas sahibləri məktəb həyatında mühüm rola malikdirlər. Belə ki, onlar şagirdlərin psixoloji vəziyyətinə nəzarət edir, elmi və mədəni fəaliyyətə dəstək olur, tədris prosesinin texniki tərəflərini təmin edirlər.

Bəs niyə cəmiyyətin bir hissəsi məktəblərdə laborant, kitabxanaçı və psixoloq olmağı “ən rahat iş” hesab edir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, sosial şəbəkələrdə müəllimlik peşəsinin digər məktəb vəzifələri ilə müqayisə edilərək ironik şəkildə təqdim edilməsi halları artmaqdadır:

170949

“Hesab edirəm ki, bu fikirləri paylaşanların əksəriyyəti bunu sırf satirik və humoristik məqsədlə edir. Buradakı əsas məqam müəllimlik peşəsinin yükünü və çətinliyini, kitabxanaçı, laborant və ya psixoloq kimi vəzifələrlə müqayisədə daha ağır və məsuliyyətli göstərməkdir.

Təbii ki, müəllimliklə bu digər peşələrin həm əməkhaqqı, həm də ictimai nüfuz baxımından eyni çəkidə tutulması doğru deyil.

Məsələn, kitabxanaçılar hazırda texnoloji inkişaf səbəbindən daha passiv fəaliyyətə malikdirlər. Elektron kitabxana sistemləri onların bir çox funksiyalarını əvəz edib.

Laborantlar isə əsasən texniki işlərlə məşğul olurlar və sistem qurulduqdan sonra çox vaxt iş yükü azalmış olur.
Psixoloqlar isə əslində məktəbdə çox vacib rola sahib olsalar da, bu vəzifənin icrası praktikada çox zaman formallıq səviyyəsində qalır. Əgər məktəb psixoloqu öz fəaliyyət planını tam şəkildə yerinə yetirsə, o zaman kifayət qədər məsuliyyətli və dolu bir iş qrafiki ortaya çıxar. Bu fəaliyyətə təkcə şagirdlərlə deyil, müəllimlərlə və valideynlərlə də psixoloji dəstək görüşləri daxildir".

Bəzi hallarda məktəb rəhbərliyi psixoloqları və ya digər işçiləri əsas funksiyalarından uzaqlaşdıraraq fərqli işlərə yönəldir:

“Belə olan halda onların əsas vəzifələri unudulur və bu da sosial şəbəkələrdə yanlış fikirlərin yayılmasına zəmin yaradır. Əslində məsələ ondadır ki, müəllim peşəsi həm zehni, həm də emosional baxımdan çox ağırdır. Şagirdlərin yetişdirilməsi, gələcəyin formalaşdırılması, tədris proqramlarının icrası və valideynlərlə ünsiyyət -bütün bunlar müəllimin gündəlik işinin bir hissəsidir.

Elə bu səbəbdən də bəzi müəllimlər digər vəzifələrə nisbətən daha çox işlədiklərini düşündükləri üçün bu tiplərə müəyyən “həsəd” və ya “kinayə” ilə yanaşa bilirlər".

Bu cür yanaşmaların kökündə həm real müşahidələr, həm də şəxsi yorğunluq və gərginlik dayanır:

“Amma unutmamalıyıq ki, hər bir vəzifənin öz məsuliyyəti var və bu məsuliyyətin nə qədər yerinə yetirildiyi konkret şəxsdən asılıdır. Müəllim də, psixoloq da, kitabxanaçı da əgər öz funksiyasını vicdanla yerinə yetirirsə, heç biri digərindən “rahat” hesab edilə bilməz.

Yekun olaraq demək olar ki, bu məsələ ciddi tənqiddən çox satira və gündəlik çətinliyin emosional ifadəsi kimi qəbul olunmalıdır. Əsas məsələ isə hər kəsin öz sahəsində vicdanla işləməsi və təhsil sisteminə real töhfə verməsidir".

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox