Məktəb mühitində hər bir şagirdin özünəməxsus xüsusiyyətləri və qabiliyyətləri vardır. Bəzən sinifdə elə şagirdlərə rast gəlirik ki, yüksək potensiala malik olsalar da, daxili utancaqlıq və özünüifadə çətinliyi onların bu bacarıqlarını tam şəkildə göstərməsinə mane olur.
Bu cür hallarda şagirdlər müəllim tərəfindən fərq edilmədikdə, onların inkişafı ləngiyə və ya özgüvən problemi dərinləşə bilər. Belə bir vəziyyət həm onların təhsil həyatına, həm də şəxsi inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən, utancaq, lakin potensiallı şagirdlərin necə dəstəklənməsi, onların özlərini ifadə edə bilmələri üçün hansı psixoloji yanaşmaların tətbiq olunması vacib məsələlərdəndir.
Şagirdlərdə utancaqlığın əsas psixoloji səbəbləri nələrdir? Utancaqlıq ilə özgüvən əskikliyi arasında necə bir əlaqə var?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Gülnar Orucova qeyd edib ki, ümumiyyətlə, uşaqlar müəyyən ailə modellərində böyüyürlər:
"Aftoritar ailə, hədsiz qoruyucu ailə, dəstəkləyici ailə, liberal ailə modeli və s. Bu ailə modelləri uşaqların fərqli xarakterlərdə böyüməsinə səbəb olur. Məsələn, aftoritar modeldə uşağa söz haqqı verilmir. Bir nəfər hökm edən olur, onun dedikləri olur. Belə mühitdə böyüyən uşaqlar aqressiv olur, narahat olur, onlarda anksiyete formalaşır, öz sözlərini deyə bilmirlər, özgüvənləri aşağı olur, hədsiz disiplinə meyilli olurlar, mexaniki iş rejimində uğurlu ola bilirlər.
Dəstəkləyici ailə modelində isə ata-ana övlada dəstək olur, səhv edəndə onu qeyd edir, amma cəza vermədən, izah edərək öyrədir. Belə ailədə böyüyən uşaqlar daha sərbəst və özgüvənli olurlar. Liberal ailə modelində isə uşaqlar nisbətən daha sərbəst olur, özgüvənləri yüksəkdir, amma çox vaxt öz istədiklərini edirlər, valideynin dediklərinə tabe olmurlar".
Utancaq uşaq adətən lider ola bilmir, liderlik imkanlarını əldən verir:
"Utancaq uşaq məsələsinə gəlincə, əgər bir uşaq utancaqdırsa, bu nədənsə qaynaqlanır. Onların çox zaman bildiyini deməyə cəsarəti çatmır, bu da onun uğurlu olmasına mane olur. Utancaqlıq bəzən genetik ola bilər, bəzən isə valideynin uşağın üzərinə çox getməsi, danlaması ilə formalaşa bilər. Həmçinin müəllimlərin sərt yanaşması, uşağı dərsdə utandırması da bu halı yarada bilər. Uşaq qorxduğu üçün susur, ya da utanır və nəticədə ifadə edə bilmir.
Valideyn burada çox önəmlidir. Uşağın uğurunda da, uğursuzluğunda da yanında olmalıdır. Öz güvən ailədən gəlir və ailədə formalaşır. Bu səbəbdən övladımıza diqqət, qayğı və sevgi ilə yanaşmaq çox vacibdir. Öz güvəni təbii olaraq yüksək olan uşaqlar, həmçinin ümumilikdə insanlar, heç vaxt utancaq olmurlar. Onlar sosial olurlar, bəzən isə hətta həddindən artıq sosiallaşırlar. Bu baxımdan, müəllimin rolu çox vacibdir.
Hazırda məktəbdə dərs demək, demək olar ki, çox çətindir. Testlər, xüsusilə DİM-in testləri uşaqları hədsiz yorur. Uşaqlar məktəbə artıq çox həvəssiz gəlirlər. Belə desək, dərs prosesi çətin və yorucudur. Müəllimlər də çox sayda tapşırıqlar verdiklərinə görə uşaqlar məktəbi sevmirlər, maraq göstərmirlər.
Amma bu uşaqlara müəllimin dəstəyi çox önəmlidir. Əgər bir uşaq utancaqdırsa və sözünü axıra qədər deməkdə çətinlik çəkirsə, müəllim onu səbirlə dinləməlidir. Xüsusilə son dövrlərdə kurikulum sistemində sualların əsasən yazılı şəkildə qiymətləndirilməsi uşaqların nitq bacarığını inkişaf etdirməyə imkan vermir. Bir uşaq fikrini ifadə edə bilmirsə, nitqini açıq şəkildə izah edə bilmirsə, bu, utancaqlıq probleminin daha da dərinləşməsinə səbəb ola bilər".