Almaniyada orta məktəb şagirdlərinin riyaziyyat və təbiət elmləri sahəsində nəticələri son 10 ildə ən aşağı səviyyəyə düşüb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil və Tədqiqat Nazirliyi tərəfindən dəstəklənən genişmiqyaslı araşdırmanın nəticələri açıqlanıb. Məlumata görə, ölkə üzrə 9-cu sinif şagirdlərinin əhəmiyyətli hissəsi əsas fənlər üzrə minimum standartlara belə cavab verə bilmir.
Tədqiqat nəticələri göstərir ki, Almaniyada şagirdlərin təxminən 9 faizi “Erster Schulabschluss” (Orta Təhsil Sertifikatı I) üçün zəruri bilik səviyyəsinə malik deyil. Daha yüksək səviyyə olan “Mittlerer Schulabschluss” (Orta Təhsil Sertifikatı II) üzrə isə bu rəqəm 34 faizə qədər yüksəlir. Maraqlıdır ki, bu azalma tendensiyası yalnız bir neçə bölgə ilə məhdudlaşmır – bütün 16 federal əyaləti əhatə edir.
Mütəxəssislər bu vəziyyəti bir neçə amillə əlaqələndirirlər. Əsas səbəblər arasında müəllim çatışmazlığı, dərs proqramlarının yüklü və aktual olmaması, eləcə də miqrant uşaqların artan sayı və onların dil baryerləri ilə üzləşməsi göstərilir.
Təhsil siyasətçiləri isə yaranmış vəziyyətdən narahatdır. Təhsil Nazirliyi bildirib ki, təhsil sistemində ciddi islahatlara ehtiyac var, xüsusilə də müəllim hazırlığı, fərdi yanaşma və rəqəmsal təhsilin gücləndirilməsi sahələrində. Nazirlik rəsmiləri yaxın aylarda yeni strategiyanın ictimaiyyətə təqdim olunacağını və geniş müzakirəyə çıxarılacağını açıqlayıb.
Bəzi təhsil birlikləri isə təkcə struktur dəyişikliklərin deyil, eyni zamanda ailələrin və cəmiyyətin təhsilə yanaşmasının da dəyişdirilməli olduğunu qeyd edir. “Uşaqların yalnız məktəbdə deyil, evdə və cəmiyyət daxilində də dəstəklənməsi lazımdır,” – deyə Almaniya Təhsil və Elmi İşçilər Birliyinin nümayəndəsi bildirib.
Qeyd edək ki, Almaniya uzun illərdir təhsil sistemində bərabər imkanlar yaratmaq üçün çalışır. Lakin bu son nəticələr göstərir ki, sosial və iqtisadi fərqliliklər, hələ də təhsil uğurlarına birbaşa təsir göstərməkdədir.