Azərbaycanda repetitor hazırlığı artıq təhsil prosesinin ayrılmaz hissəsinə çevrilib. Dünyanın bir çox ölkəsində də repetitorluq müxtəlif formalarda mövcuddur. Sadəcə, onun tədris sistemindəki yeri və məqsədi fərqlidir. Bəzi ölkələrdə repetitorluq təhsildə əlavə dəstək və fərdi inkişaf vasitəsi kimi qiymətləndirilir, digərlərində isə bu hal sosial bərabərsizliyin göstəricisi sayılır. Məhz bu baxımdan sual aktuallaşır: xaricdə repetitor anlayışı necə qəbul olunur və bu, onların məktəb təhsilinə yanaşmasını dəyişirmi?
Mövzu ilə bağlı təhsil ekpserti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.
Repetitorluğun təhsilə təsiri cəmiyyətin sosial və pedaqoji strukturunun güzgüsüdür
"Azərbaycanda repetitorluq artıq istisna yox, normaya çevrilib. Bunun kökündə məktəb tədrisinin imtahan tələbləri ilə tam uyğun gəlməməsi, müəllimlərin iş yükü və valideynlərin nəticəyönümlü yanaşması dayanır. Təhsil sistemindəki struktur boşluqlar, qiymətləndirmə mexanizmlərinin imtahan mərkəzli olması fərdi hazırlığı qaçılmaz reallığa çevirib.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.1-ci maddəsində göstərilir ki, təhsilin əsas prinsiplərindən biri “hamı üçün bərabər imkanların təmin olunması”dır. Lakin hazırkı şəraitdə bu prinsip praktik səviyyədə tam reallaşmır, çünki repetitor xidmətlərindən yalnız maliyyə imkanı olan ailələr yararlana bilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə orta məktəb şagirdlərinin 63 faizi ən azı bir fəndən repetitor yanına gedir. Bu, təhsil bərabərliyinin pozulduğunu və məktəb proqramının təkbaşına imtahan tələblərini qarşılamaqda çətinlik çəkdiyini göstərir.
Bununla belə, Elm və Təhsil Nazirliyinin son illərdə atdığı addımlar - buraxılış və qəbul imtahanlarının inteqrasiyası, dərs proqramlarının strukturlaşdırılması, sertifikasiya vasitəsilə müəllim peşəkarlığının artırılması -repetitorluq asılılığını tədricən azaltmağa yönəlib. Bu, müsbət və strateji yanaşmadır, çünki dövlət təkcə imtahan nəticəsinə deyil, öyrənmə prosesinə nəzarəti gücləndirməyə başlayıb. Məsələn, 2025-ci ildən tətbiq olunacaq yeni modul qiymətləndirmə sistemi məktəb daxilində bilik və bacarıqların ölçülməsini standartlaşdırmaqla, şagirdin repetitorla deyil, müəllimlə nəticə əldə etməsini hədəfləyir".
Dünya təcrübəsi nə deyir?
"Repetitorluğa münasibət ölkələrin təhsil fəlsəfəsindən asılıdır. Finlandiya, Norveç, İsveç kimi ölkələrdə repetitorluq minimal səviyyədədir, çünki məktəbin özü fərdi öyrənməni təmin edən mexanizmlərlə təchiz olunub. Finlandiyada hər 4 şagirddən biri müəllimin dəstəyi ilə əlavə fərdi dərs alır, amma bu, məktəbdə və pulsuz şəkildə həyata keçirilir. Burada repetitorluq bazarı deyil, “dəstək xidməti” anlayışı mövcuddur. Bu model sosial ədaləti qoruyur və uşağın uğurunu ailə gəlirindən asılı vəziyyətə salmır.
Əksinə, Cənubi Koreya, Yaponiya və Sinqapur kimi Asiya ölkələrində repetitorluq iqtisadi fenomenə çevrilib. Koreyada hər ailə uşağın repetitor dərslərinə illik orta hesabla 4.000 dollar xərcləyir və bu sahənin həcmi 20 milyard dollardan çoxdur. Dövlət burada hətta axşam 10-dan sonra repetitor dərslərini qadağan edib, çünki bu hal uşaqların psixoloji yüklənməsinə və sosial bərabərsizliyə səbəb olur. Bu nümunə göstərir ki, repetitorluq nəzarətsiz qaldıqda, təhsil sistemi daxilində paralel bazar yaradır.
Azərbaycan üçün isə təhlil göstərir ki, repetitorluq tənqid edilməli sosial zərurət deyil, düzgün yönləndirilməli pedaqoji prosesdir. Elm və Təhsil Nazirliyi son illərdə “məktəbdə repetitorluğun qarşısının alınması” kimi deyil, “məktəbin tədris potensialının artırılması” kimi daha konstruktiv yanaşma sərgiləyir. Bu, müsbət dəyişiklikdir, çünki problemi cəza ilə yox, səbəblərin aradan qaldırılması ilə həll etməyə çalışır. Müəllimlərin sertifikasiyası, maaş artımı, fənn kabinetlərinin modernləşdirilməsi, məktəblərdə təlim resurs mərkəzlərinin yaradılması bu siyasətin tərkib hissəsidir.
Lakin dəyişməli olan iki əsas istiqamət qalır: birincisi, məktəblərdə bilik yox, bacarıq əsaslı öyrənməyə keçid tam təmin edilməlidir; ikincisi, məktəblər sosial-iqtisadi bərabərliyi qoruyan fərdi dəstək mexanizmləri ilə təchiz olunmalıdır. Əgər məktəb tədrisi qəbul imtahanının formatını sistemli şəkildə əhatə etsə, şagirdlər repetitorluğa ehtiyac duymayacaq. Bunun üçün müəllimlərə kurikulumun tətbiqində çeviklik, psixopedoqoji dəstək və tədris azadlığı verilməlidir.
Hesab edirəm ki, repetitorluq nə tam mənfi, nə də tam müsbət hadisədir. Bu, təhsil sisteminin tənzimlənmə dərəcəsini göstərən indikator rolunu oynayır. Xaricdə repetitorluq dövlətin idarə etdiyi əlavə öyrənmə mexanizmi kimi sistemləşdirilib, bizdə isə sosial asılılıq formasına çevrilib. Elm və Təhsil Nazirliyi doğru istiqamətdə addımlayır - bu prosesin davamlılığı üçün məktəblərin resurs bazası və müəllimlərin motivasiyası daha da gücləndirilməlidir. Repetitorluq o zaman aradan qalxacaq ki, məktəbin özü repetitor səviyyəsində keyfiyyət təmin edə bilsin".