Dünyanın müxtəlif ölkələrində məktəblərdə qiymətləndirmə sistemi fərqli prinsiplərlə həyata keçirilir. Bəzi ölkələrdə şagirdlərin nailiyyətləri hərflərlə, bəzilərində isə rəqəmlərlə ölçülür. Əsas məqsəd yalnız nəticəni deyil, öyrənmə prosesini də qiymətləndirməkdir.
AzEdu.az bununla bağlı araşdırma aparıb.
ABŞ-də 7-8-ci sinif şagirdlərinin biliyi A-F hərfləri və ya 1-100 bal arası sistemlə qiymətləndirilir. Qiymətlər yalnız imtahan nəticələrinə əsaslanmır - dərs fəaliyyəti, iştirak, layihələr və testlər də nəzərə alınır. Hər şagirdin ilin sonunda “report card” adlanan hesabat kartı olur.
Finlandiyada məktəblər 4-10 bal sistemi ilə işləyir. 10 - “əla”, 9 - “çox yaxşı”, 8 - “yaxşı”, 7 - “kafi”, 4 isə “uğursuz” hesab olunur. Qiymətləndirmə prosesi təkcə nəticəyə deyil, həm də şagirdin inkişaf dinamikasına əsaslanır. Şagirdlər həm müəllim, həm də özlərini qiymətləndirməyə təşviq edilirlər.
Kanadada məktəblər əsasən hərflərlə qiymətləndirmə sistemindən (A, B, C, D, F) istifadə edir. Lakin bəzi əyalətlərdə rəqəmsal və şərti qiymətləndirmə birlikdə tətbiq olunur. Burada əsas məqsəd şagirdin şəxsi inkişafını və tədris prosesinə münasibətini qiymətləndirməkdir.
Almaniyada 1-dən 6-ya qədər qiymət sistemi var. 1 - “çox yaxşı”, 2 - “yaxşı”, 3 - “qənaətbəxş”, 4 - “kafi”, 5 - “zəif”, 6 - “uğursuz” deməkdir. Şagirdlər həm gündəlik fəaliyyətlərinə, həm də imtahan nəticələrinə görə dəyərləndirilir.
Yaponiyada məktəblər 5 ballıq sistemdən istifadə edir. Qiymətlər 5-dən 1-ə qədər verilir, burada 5 ən yüksək, 1 isə ən aşağı göstəricidir. Qiymətləndirmə şagirdin davamiyyəti, fənnə marağı və ümumi davranışı əsasında aparılır.
Türkiyədə 5 ballıq sistem tətbiq olunur: 5 - “əla”, 4 - “yaxşı”, 3 - “orta”, 2 - “keçid”, 1 - “zəif”. Bundan əlavə, son illərdə bəzi məktəblərdə şagirdin il ərzindəki fəaliyyəti nəzərə alınmaqla formativ qiymətləndirmə də aparılır.
İngiltərədə qiymətləndirmə sistemində “level”lər və “grade”lər istifadə olunur. 7-8-ci siniflərdə əsas məqsəd şagirdlərin biliklərini testlər və layihələr vasitəsilə yoxlamaqla yanaşı, onların öyrənmə bacarıqlarını inkişaf etdirməkdir.