Bəzən Azərbaycanda təhsil müddətinin 12 il olacağı müzakirə olunur.
Görəsən, 12 illik təhsilə keçid hansı üstünlükləri qazandıra bilər?
AzEdu.az-a mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli danışıb.
O qeyd edib ki, təhsil yalnız bilik ötürmək deyil, şəxsiyyət formalaşdırmaq prosesidir:
"Əslində, bizdə də 12 illik təhsil sistemi faktiki şəkildə mövcuddur. Sadəcə fərq ondadır ki, 5 yaşlı məktəbəhazırlıq mərhələsi bəzən sistemin içində yox, “öncədən keçilən hazırlıq” kimi qəbul olunur. Halbuki, bu mərhələ artıq ibtidai təhsilin başlanğıcı sayılmalıdır. Yəni 5 yaşında məktəbə qədəm qoyan uşaq, əslində, 11 illik təhsilini tamamlayanda 12 illik bir mərhələni keçmiş olur.
Ona görə də “12 illik sistemə keçid” məsələsi bizim üçün yeni bir ideya deyil, sadəcə, daha sistemli və məzmunlu şəkildə tətbiq olunması zərurətə çevrilib.
12 illik modelin əsas qazancı “bir il artıq oxumaq” deyil, bir il qazanmaq ola bilər, əgər o il düzgün planlaşdırılsa. Çünki bu sistem tədris yükünü azaldaraq öyrənməni dərinləşdirir. Hazırda bəzi fənlərdə uşağın yaşına uyğun olmayan ağır məzmun var. Əlavə tədris ili bu gərginliyi azaldar, uşağa düşünmək, dərk etmək, tətbiq etmək imkanı yaradar".
Bu məsələni sadəcə “illərin sayı” kimi yox, təhsilin fəlsəfəsinin dəyişməsi kimi görmək lazımdır:
"İkincisi, bu model şagirdin istiqamətini müəyyənləşdirmək üçün zaman qazandırır. Uşaq 16 yaşında yox, 17 yaşında ixtisas seçir. Bir il fərq görünməz kimi gəlir, amma psixoloji və sosial baxımdan bu fərq çox şey dəyişir. Maraqları formalaşmış, həyatı daha real dəyərləndirən gənc seçimini daha şüurlu edir.
Üçüncüsü, təhsil yalnız bilik ötürmək deyil, şəxsiyyət formalaşdırmaq prosesidir. Bu baxımdan 12 illik sistem tələsik öyrənməni deyil, dərin təcrübəni önə çəkir. Bu, həm müəllimin işini asanlaşdırır, həm də şagirdin potensialını aşkara çıxarmağa kömək edir.
Ona görə də bu məsələni sadəcə “illərin sayı” kimi yox, təhsilin fəlsəfəsinin dəyişməsi kimi görmək lazımdır. Məqsəd illəri artırmaq deyil, o illərin içini məzmunla, məqsədlə, nəticə ilə doldurmaqdır. Əgər bu yanaşma ilə tətbiq olunsa, 12 illik sistem Azərbaycanda təhsilin keyfiyyətinə real təsir göstərə bilər".