Təhsil prosesi birgə əməkdaşlıq tələb edən üçtərəfli münasibətdir - məktəb, müəllim və valideyn eyni məqsədə, yəni uşağın inkişafına yönəlməlidir.
Bu fikirləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.
Ekspert qeyd edib ki, valideyn övladının məktəbdəki uğurlarına yalnız imtahan günlərində deyil, gündəlik maraq göstərməlidir:
“Valideynlərin övladlarının təhsilinə məsuliyyətli yanaşmaması və bütün yükü müəllimin üzərinə atması nə pedaqoji, nə də sosial baxımdan doğru yanaşmadır. Təhsil prosesi birgə əməkdaşlıq tələb edən üçtərəfli münasibətdir - məktəb, müəllim və valideyn eyni məqsədə, yəni uşağın inkişafına yönəlməlidir. Müəllim nə qədər səriştəli, vicdanlı və fədakar olsa da, valideynin dəstəyi və marağı olmadan nəticə tam istənilən səviyyədə ola bilməz.
Valideyn övladının məktəbdəki uğurlarına yalnız imtahan günlərində deyil, gündəlik maraq göstərməlidir. Sadəcə qiymətlərlə maraqlanmaq deyil, uşağın öyrənmə motivasiyasını, psixoloji durumunu, dərsə münasibətini izləmək vacibdir. Çünki hər bir şagirdin fərdi xüsusiyyətləri, öyrənmə tempi, emosional ehtiyacları var. Bunları ən yaxşı tanıyan iki tərəf, müəllim və valideyndir. Onların arasında güclü, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq olmadıqda, uşaq təhsildən soyuyur, nəticə isə həm ailəni, həm məktəbi, həm də cəmiyyəti narazı salır".
Əmrah Həsənli bildirib ki, bir çox hallarda valideynlər övladlarının zəif nəticəsini müəllimin üzərinə atmaqla məsuliyyətdən yayınırlar:
“Halbuki uşaq evdə öyrənmə vərdişlərini formalaşdırmırsa, mütaliə etmir, sosial şəbəkələrdə və ya oyunlarda çox vaxt keçirirsə, təkcə məktəbin bu vəziyyəti dəyişməsi mümkün deyil. Təhsil təkcə məktəbin işi deyil, ailənin də bir mədəniyyət formasıdır.
Əgər biz sağlam, düşünən, müstəqil qərar verən gənclər yetişdirmək istəyiriksə, valideynlər müəllimə nəzarət edən deyil, onunla əməkdaşlıq edən tərəf kimi çıxış etməlidirlər. Təhsil bir tərəfin deyil, cəmiyyətin ortaq məsuliyyətidir və bu məsuliyyəti bölüşmək hər birimizin borcudur".