“Həyata keçirilən Böyük Qayıdış proqramı və eyni zamanda “Sosial-İqtisadi İnkişaf Strategiyası” çərçivəsində qarşıya qoyulmuş öhdəliklərə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə və digər regionlarda yeni peşə təhsili müəssisələrinin yaradılması istiqamətində işlər aparılır”.
AzEdu.az xəbər verir ki, bu fikri qısamüddətli təlimləri uğurla başa vuran məzunların Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən təltif olunma mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Mamedov səsləndirib.
O qeyd edib ki, 2026-cı ilə qədər Şuşa və Zəngilan Dövlət Peşə Təhsili mərkəzlərinin tikilərək istifadəyə verilməsi və bu müəssisələrdə kadr hazırlığının təşkili nəzərdə tutulur:
“Bununla yanaşı, ölkənin digər bölgələrində də mövcud peşə təhsil infrastrukturunun əsaslı və cari təmiri, həmçinin yenidən qurulması istiqamətində işlər görülür”.
O vurğulayıb ki, 2026-cı ilin sonuna qədər peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır: “Strateji hədəfimiz 28 min əlavə şəxsin peşə təhsilinə – ilkin peşə, texniki peşə və yüksək texniki peşə səviyyələrinə cəlb edilməsidir”.