Müasir təhsil sistemlərində kurikulum yalnız tədris proqramı deyil, həm də müəllimlərin peşəkar fəaliyyətinə birbaşa təsir edən əsas element kimi qəbul olunur. Müəllimlərin bu prosesdəki rolu, qərarvermə imkanları və təlimlərə münasibəti kurikulumun effektiv tətbiqi üçün önəmli amillərdir.
Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, "İlin gənc müəllimi" Əlihüseyn Yaqubov mövzu ilə bağlı AzEdu.az-a danışıb.
Bir zamanlar "əynimizə oturmayan" kurikulum
"13-14 il əvvəl kurikulum təlimləri geniş vüsət almağa başlayanda müəllimlər tərəfindən bu təlimlər heç də birmənalı qarşılanmırdı. Müəllimlər təlimlərə məcburi gedirdilər ki, bu da işin maraq tərəfini öldürürdü. Zarafatla aramızda deyirdik: “Bizə Avropadan paltar gətiriblər, amma əynimizə ölçməyiblər. Buna görə də ya əynimizə dar olur, ya da heç olmur”
O zamanlar internet resurslar bu qədər inkişaf etməməklə yanaşı, terminlər də müəllimlər üçün kifayət qədər ağır gəlirdi. Bir neçə günlük təlimlərlə kurikulumun mahiyyətini açmaq əslində sual doğuran məsələ idi. Bir çox müəllimlər təlimi ağır yük kimi qəbul edirdilər. Qərar vermək imkanı sıfır səviyyəsində idi, bütün qərarlar müəllimin əvəzinə verilmişdi.
Bu gün mövzu bir az başqa cür təhlil olunur. Belə ki, sertifikasiya prosesindən sonra kurikulumla bağlı ciddi dəyişikliklər var. İmtahana hazırlaşan müəllimlər müxtəlif təlimlərə qoşulur, həm də könüllü şəkildə. Təlimçilərin də bir çoxu artıq özlərini inkişaf etdirmiş mütəxəssislərdir, həm də indi imtahandan sonra bir maliyyə və imic məsələsi var deyə, hər kəs daha çox öyrənməyə çalışır, sanki insanların içində zamanla yarış gedir.
Müəllimlər özləri təlimçi seçir, əvvəlki kimi təkidlə və qeyd edilmiş günlərdə deyil, istədikləri zamanda əyani və ya onlayn şəkildə öyrənirlər. Müəllimlərin qərar qəbul etməsi artıq məcburiyyətə yox, fərqli səbəblərə bağlıdır.
Biz artıq müəllimlərə müstəqillik verməliyik. Deyək ki, bir müəllim yenilikləri, kurikulum qaydalarını tətbiq etmək istəyir, amma onun işlədiyi müəssisənin rəhbəri avtoritar bir rəhbərdir. Belə olan halda təzad meydana gəlir. 1-2 dəfə mübahisəli məqamdan sonra müəllim problem yaranmasın deyə, qaydalara boyun əyməli olur.
Başqa bir səbəb infrastrukturla bağlıdır. Dəfələrlə rastlaşmışıq, müəllim geniş otaq, daha müasir İKT vasitələri istəyir, sanki özü qərar verməyə çalışır, amma biz onu bizdən asılı olmayan səbəblərdən bu imkandan məhrum edirik.
İndi müəllimlər əvvəlkindən daha çox tətbiqə meyllidir, sadəcə bu meyli yönəltmək incə yanaşma tələb edir. Bu yanaşma isə sistemli şəkildə həll olunmalı məsələdir".