5 və ya 6-cı sinif şagirdinə məktəb dərsindən əlavə olaraq 4 müxtəlif riyaziyyat kitabı aldırılır və hər birindən tapşırıq verilir. Bu halda şagird, belə desək, "başını itirir", eyni zamanda valideyn də nə edəcəyini bilmir. Nəticədə bu vəziyyət qorxu yaradır və şagird riyaziyyatdan uzaqlaşmağa başlayır.
Bu fikirləri AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev söyləyib.
O, bildirib ki, orta məktəblərdə riyaziyyat daha mürəkkəb formada izah olunur:
"Bütün fənlərin daxilində riyaziyyat var. Bu baxımdan riyaziyyatın özü, quruluşu və başa düşülməsi nisbətən digər fənlərlə müqayisədə daha çətindir. Azad Mirzəcanzadə təbirincə desək, elə bir fənn yoxdur ki, onun tərkibində riyaziyyat olmasın.
Riyaziyyat fəninin ümumilikdə ağırlığı, xüsusilə də humanitar yönümlü şagirdlərimiz üçün daha çətin qavranılır və daha çətin başa düşülür. Bununla yanaşı, orta məktəblərdə bəzən riyaziyyat daha mürəkkəb formada izah olunur. Şagirdlərə daha çox vəsaitlər, daha çox tapşırıqlar verilir ki, bu da onlarda kifayət qədər çətinlik yaradır. Məsələn, 5 və ya 6-cı sinif şagirdinə məktəb dərsindən əlavə olaraq 4 müxtəlif riyaziyyat kitabı aldırılır və hər birindən tapşırıq verilir. Bu halda şagird, belə desək, "başını itirir", eyni zamanda valideyn də nə edəcəyini bilmir. Nəticədə bu vəziyyət qorxu yaradır və şagird riyaziyyatdan uzaqlaşmağa başlayır".
Şagirdin məktəbdəki əsas vəzifəsi məktəb proqramını yerinə yetirməkdir, əlavə vəsaitlər verilməməlidir:
"Xüsusilə vurğulamaq istəyirəm ki, bu məsələlərə ciddi nəzarət olunmalıdır. Şagirdin məktəbdəki əsas vəzifəsi məktəb proqramını yerinə yetirməkdir, əlavə vəsaitlər verilməməlidir. Təbii ki, müəllimin bu fənni öyrətməsi üçün ilk növbədə riyaziyyatı şagirdə sevdirməsi vacibdir. Riyaziyyatın digər sahələrlə əlaqələrini göstərməli, riyaziyyatın insan həyatında nələrə xidmət edə biləcəyini izah etməlidir. Ən azından 9-cu sinif səviyyəsinə qədər hər bir şagirdə riyaziyyatı öyrətmək mümkündür.
Daha sonra, şagirdlər müxtəlif istiqamətlərə humanitar və ya texniki sahələrə yönəlirlər. Amma 9-cu sinifə qədər olan dövrdə bütün şagirdlərə riyaziyyatı düzgün və səmərəli şəkildə öyrətmək mümkündür. Bu da əsas olaraq ibtidai sinif müəllimindən aslıdır. İbtidai sinifdən riyaziyyatın təməli qoyulsa digər müəllimlər üçün də bu prosesi aparmaq nisbətən rahat olur, amma əsas məsələ odur ki, hər bir müəllim riyaziyyatı sevdirərək öyrətməyə çalışmalıdır".