Azedu.az

Özəl, yoxsa dövlət məktəbi - fərq nədədir?

Məktəblər

Şagirdlər

13 Oktyabr 2025, 09:01
Özəl, yoxsa dövlət məktəbi - fərq nədədir?

Hər bir valideyn övladının yaxşı təhsil almasını istəyir. Bəzi valideynlər isə yüksək keyfiyyətli təhsili özəl məktəb və liseylərdə görür.

 Özəl və dövlət məktəbləri arasında fərq nədən ibarətdir?

AzEdu.az-a mövzu ilə bağlı danışan  təhsil eksperti Rasim Həsənzadə bildirib ki, bir çox valideyn hesab edir ki, fərdi yanaşma, beynəlxalq proqramlar və çoxdilli mühit baxımından özəl məktəblər daha üstün seçimdir:

“Təhsil haqqında” Qanunda qeyd olunduğu kimi, hər bir təhsilalanın hüququ keyfiyyətli təhsil almaqdırsa, təhsilverənin də əsas vəzifəsi keyfiyyətli təhsil verməkdir. Şübhəsiz ki, hər bir valideyn övladının yaxşı təhsil almasını arzulayır. Son illərdə Azərbaycanda özəl məktəb və liseylərin sayının artması da bu sahəyə olan marağın yüksəldiyini göstərir. Bir çox valideyn hesab edir ki, fərdi yanaşma, beynəlxalq proqramlar və çoxdilli mühit baxımından özəl məktəblər daha üstün seçimdir. Bəs, əslində, özəl və dövlət məktəbləri arasında əsas fərqlər nələrdir?".

Təhsil eksperti fərqlərə nəzər salıb:

"Dövlət məktəbləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiqlədiyi dövlət standartları və kurikulum əsasında fəaliyyət göstərir. Özəl məktəblərdə isə bu proqramlara əlavə olaraq Cambridge, IB (International Baccalaureate) kimi beynəlxalq təhsil proqramları da tətbiq olunur. Bu, xüsusilə xaricdə təhsil planlaşdıran şagirdlər üçün ciddi üstünlük hesab edilir.

Özəl məktəblərdə siniflərdə şagird sayı az olur, bu da müəllimlə şagird arasında daha sıx ünsiyyət və fərdi yanaşma imkanı yaradır. Dövlət məktəblərində isə şagird sayı nisbətən çox olduğuna görə fərdiləşdirilmiş öyrənmə bəzən çətinləşir. Bununla belə, son illərdə dövlət məktəblərində də STEM yanaşmaları və müasir tədris metodları geniş tətbiq olunmağa başlayıb.

Ən böyük fərqlərdən biri məktəblərin maddi-texniki bazası və infrastrukturudur. Özəl məktəblər valideyn ödənişləri hesabına maliyyələşdiyi üçün laboratoriyalar, xarici dil otaqları, idman və yaradıcılıq mərkəzləri ilə daha zəngin şərait yaradır. Dövlət məktəblərində isə infrastruktur əsasən dövlət proqramları və layihələr çərçivəsində yenilənir, bu da imkanların səviyyəsində fərq yaradır.

Özəl məktəblərdə tədris çox zaman iki və ya üç dildə (Azərbaycan, ingilis, rus və ya digər dillərdə) aparılır. Bu, şagirdlərdə çoxdilli düşünmə və beynəlxalq kommunikasiya bacarıqlarını formalaşdırır. Dövlət məktəblərində isə əsas tədris dili Azərbaycan və ya rus dilidir, xarici dillər ayrıca fənn kimi tədris olunur".

Bəzi dövlət məktəbləri və liseylər nəticələri ilə özəl məktəblərlə uğurla rəqabət aparır, hətta bir çox hallarda onları geridə qoyurlar:

"Bununla belə, təhsil nəticələri baxımından üstünlük təkcə məktəbin dövlət və ya özəl olmasından asılı deyil. Burada müəllimlərin peşəkarlığı, məktəbin idarəetmə modeli, valideyn dəstəyi və şagirdin şəxsi motivasiyası kimi amillər də böyük rol oynayır. Bəzi dövlət məktəbləri və liseylər nəticələri ilə özəl məktəblərlə uğurla rəqabət aparır, hətta bir çox hallarda onları geridə qoyurlar.

Azərbaycan təhsil sistemində həm dövlət, həm də özəl məktəblərin rolu mühümdür. Dövlət məktəbləri təhsilin əlçatanlığını və bərabərliyini təmin edirsə, özəl məktəblər innovativ yanaşmalar və beynəlxalq təcrübələrin tətbiqi ilə sistemin inkişafına töhfə verir.

Sonda xüsusilə qeyd etmək istəyirəm ki, ən ideal nəticə valideynin övladının potensialını, maraqlarını və gələcək planlarını nəzərə alaraq onun üçün ən uyğun təhsil mühitini seçməsi ilə mümkündür",- deyə R.Həsənzadə fikrini yekunlaşdırıb.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox