Son günlər sosial şəbəkələrdə xarici dillərin tədrisi ilə bağlı müzakirələr artıb. Bir çox valideynlər hesab edir ki, məktəblərdə üçüncü xarici dilin də tədris olunması vacibdir. Bəziləri bunu uşaqların gələcək imkanlarını genişləndirəcək addım kimi görür, digərləri isə bunun şagirdlər üçün artıq yükə çevriləcəyini düşünür.
Maraqlıdır, üçüncü xarici dilin məktəb proqramına daxil edilməsi nə dərəcədə məqsədəuyğundur?
Təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib ki, üçüncü xarici dil tədrisinin əleyhinədir.
Şagirdləri yükləməyə gərək yoxdur
"Orta ümumtəhsil məktəblərində əsasən ingilis dili tədris olunur. Bundan əlavə, bir çox məktəbdə rus dili də ikinci xarici dil kimi keçirilir.
Üçüncü dilin əlavə edilməsi isə, təbii ki, şagirdlər üçün artıq yükə çevriləcək. Əgər kimsə əlavə xarici dil öyrənmək istəyirsə və ya bu sahədə biliklərini artırmaq niyyətindədirsə, bunu müstəqil şəkildə hazırlıq kurslarında və ya fərdi müəllim yanında həyata keçirə bilər.
Məncə, orta ümumtəhsil məktəbləri üçün bir xarici dilin, xüsusilə də beynəlxalq ünsiyyət dili olan ingilis dilinin tədrisi kifayətdir.
Ümumilikdə, hesab edirəm ki, üçüncü xarici dilin orta ümumtəhsil məktəblərində tədrisi məqsədəuyğun deyil və şagirdlər üçün əlavə yüklənməyə səbəb olur".