Rumıniyanın Təhsil Nazirliyi ölkə üzrə təhsil sistemində ciddi struktur islahatlarına başlayır. Nazirliyin açıqladığı yeni qərarlara əsasən, merit (təhsil nailiyyətlərinə əsaslanan) təqaüdlərinin verilməsində ciddi dəyişikliklər ediləcək, yüzlərlə məktəbin fəaliyyəti dayandırılacaq və şagirdlərin digər təhsil müəssisələrinə inteqrasiyası təmin olunacaq.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, 2025–2026-cı tədris ilindən etibarən merit əsaslı təqaüdlərin sayında əhəmiyyətli azalmaya gediləcək. İndiyədək bir çox siniflərdə əhəmiyyətli sayda şagird bu təqaüddən faydalana bilirdisə, yeni qərara əsasən siniflərin yalnız 15 faizinə bu dəstək veriləcək. Bu qərar geniş ictimai müzakirələrə səbəb olub və valideynlər, şagirdlər, eləcə də təhsil işçiləri arasında narazılıqlar doğurub.
Təqaüdlərlə bağlı islahatlara paralel olaraq, Rumıniya hökuməti ölkə üzrə 507 məktəbin hüquqi statusunun ləğv olunması və bu məktəblərin digər təhsil müəssisələri ilə birləşdirilməsi barədə qərar verib. Bu addım əsasən maliyyə xərclərinin optimallaşdırılması, tədrisin keyfiyyətinin artırılması və şagirdlərin daha yaxşı təhsil şəraitinə çıxışının təmin edilməsi məqsədi daşıyır.
Təhsil Nazirliyi bəyan edib ki, bu məktəblərin bağlanması nəticəsində şagirdlər yaxınlıqdakı daha yaxşı təchiz olunmuş məktəblərə yönləndiriləcək və onların təhsil hüququ pozulmayacaq. Lakin bəzi bölgələrdə bu qərar əhali arasında narazılıq yaradıb. Valideynlər və müəllimlər həmin ərazilərdə infrastrukturun zəif olması və alternativ məktəblərə çatım imkanlarının məhdudluğu səbəbindən problemlərin yaranacağını bildirirlər.