Son illərdə həm ictimaiyyət, həm də mediada məktəb direktorlarının pedaqoji fəaliyyətlə məşğul olub-olmaması məsələsi müzakirə mövzusu olub. Qanunvericilikdə direktorların dərs deməsinə qadağa qoyulmur. Lakin məktəb direktorunun vəzifə öhdəliklərinə nəzər saldıqda onların çox geniş spektrli fəaliyyətlə məşğul olduqları görünür.
Bu fikirləri təhsil eksperti Elmin Nuri AzEdu.az-a açıqlamasında bildirib.
Direktor idarəçiliyə fokuslanmalıdır
"Direktor yalnız müəssisənin idarəçiliyinə cavabdeh deyil, həm də məktəb mühitində yaranan gözlənilməz hadisələrin, problemlərin, stressli situasiyaların həllinə fokuslanmalıdır.
Məktəb direktorunun əsas keyfiyyətləri liderlik, idarəetmə bacarığı və situasiyalara çevik reaksiya vermək qabiliyyəti olmalıdır. Onun diqqəti daha çox idarəçilik üzərində cəmlənməli, zərurət yaranarsa, hətta dərs yükündən imtina etməlidir".
Fənn müəllimlərinin maaşını düşünməlidir
"Bunun iki əsas səbəbi var: birincisi, peşəkar idarəçi kimi fəaliyyətini tam effektiv həyata keçirmək, ikincisi isə müəllim həmrəyliyi. Çünki bir çox hallarda direktor dərs yükünü öz üzərinə götürdükdə, müəllimlərin dərs saatları azalır və bu, onların maddi durumuna da təsir edir.
Direktor sırf idarəçilik fəaliyyətinə köklənməli, dərs yükünü isə müəllimlərə verməklə həm onların sosial rifahına dəstək olmalı, həm də öz liderlik keyfiyyətlərini tam şəkildə göstərə bilməlidir".