“Qlobal texnologiya şirkətlərinin digər regionları seçməsinin səbəbləri var. Bununla belə, son aylarda ABŞ-nin tanınmış texnologiya şirkəti “Anexola”nın Bakıda ofis açmaq qərarı məni xüsusilə qürurlandırdı”.
AzEdu.az xəbər verir ki bu sözləri bu gün Bakıda “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge” İnnovasiya Sammitində (INMerge Innovation Summit 2025) rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir qeyd edib ki, “Anexola” təkcə ofis deyil, həm də tədqiqat və inkişaf (R&D) laboratoriyaları yaratmaq niyyətindədir:
“Şirkətin prezidenti aparıcı xəbər agentliklərindən birinə verdiyi müsahibədə Azərbaycan mühəndislərinin peşəkarlığından, yaradıcılığından, fədakarlığından və iddialılığından çox təsirləndiyini vurğulayıb. Bu, bizim üçün qürurvericidir”, – deyə R.Nəbiyev bildirib.
O eyni zamanda qeyd edib ki, Azərbaycan hələ də bu sahədə tam potensialını reallaşdırmayıb:
“IT alətlərinin ixracı sahəsində böyük imkanlarımız var. Bu imkanların reallaşdırılmasının əsas şərtlərindən biri də istedadlı mütəxəssislərin yetişdirilməsidir və bu istiqamətdə komanda yoldaşlarımızla birlikdə ardıcıl iş aparırıq”, – nazir əlavə edib.
Onun sözlərinə görə, Prezidentin tapşırığına əsasən, demək olar ki, bütün səviyyələrdə insan kapitalına ciddi sərmayə yatırılır:
“Məktəblərdə rəqəmsal bacarıqlar proqramlarını genişləndiririk və bu istiqamətdə artıq qeyd etdiyim şirkətlərlə əməkdaşlıq edirik. Məqsədimiz çox aydındır: minlərlə gəncin qlobal səviyyədə öz karyerasını qurması, rəqabət aparması və uğur qazanması üçün yol açmaqdır. Bugünkü sammitdə biz hamımız rəqəmsal innovasiya hekayəsini eşitdik və mən bir daha vurğulamaq istəyirəm ki, bu proses davamlı olacaq”.