Müəllimlərin bəzən şagirdlərdən dərslikdən əlavə müxtəlif vəsaitlər tələb etməsi həqiqətən də təəssüf doğurur. Bu yanaşma bir çox ailə üçün maddi çətinlik yaradır, nəticədə isə imkanlı və imkansız şagirdlər arasında sosial fərqlər dərinləşir.
Bu fikirləri AzEdu.az-a açıqlamasında Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva qeyd edib.
Şagirdlər bundan pulsuz faydalanmalıdır
"Valideynlər təmin edə bilmədikdə isə uşaqlar daha çox təsirlənir, əlavə vəsait ala bilmədiyi üçün çox utanır və özunu pis hiss edir. Təhsil sistemimiz hər bir şagird üçün bərabər imkan təmin etməlidir. Əlavə vəsaitin məcburi alınması nə pedaqoji, nə də etik baxımdan doğru deyil. Əgər dərslik kifayət etmirsə, əlavə resursları şagirdə yükləmək doğru deyil. Həmçinin, məktəbdə kitabxanalar fəaliyyət göstərir, bu kimi əlavə vəsaitləri kitabxana fonduna əlavə edilə bilər ki, şagirdlər pulsuz faydalansın".
Rəqəmsal alternativlər ən yaxşı seçimdir
"Əgər müəllimlər əlavə resurslardan istifadə etmək istəyirlərsə, bunun ən sağlam yolu rəqəmsal həllərdir. Məsələn, EduRoom.az, TestOnline.az və bu kimi digər platformalar vasitəsilə şagirdlərə əlavə materialları pulsuz və ya minimal xərclə təqdim etmək mümkündür. Bu həm bütün şagirdlərin eyni imkanlara çıxışını təmin edər, həm də valideynlər üzərindəki maddi yükü azaldar.
Mən hesab edirəm ki, bu istiqamətdə dövlət və cəmiyyət olaraq daha çox rəqəmsal alternativlər yaratmalı, müəllimlər də ənənəvi yanaşmalar əvəzinə müasir resurslardan faydalanmalıdırlar. Təhsildə bərabərlik yalnız belə yanaşmalarla mümkündür".