Təhsil sisteminin modernləşməsi şagirdlərin fərdi maraq və qabiliyyətlərinin nəzərə alınmasını tələb edir. Təhlil göstərir ki, indiki mərhələdə məktəblərdə fənlərin vahid proqram əsasında bütün şagirdlərə eyni formada keçirilməsi onların potensialının tam açılmasına imkan vermir. Hər bir şagirdin maraq dairəsi, gələcəkdə yönəlmək istədiyi ixtisas və peşə sahəsi fərqlidir. Bu baxımdan, seçmə fənlərin tətbiqi müasir təhsil yanaşmasının əsas elementlərindən biri hesab olunur və dünya təcrübəsində də geniş yayılıb.
Bu fikirləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib.
Məktəblərdə buna şərait yaradılmır
"Statistik məlumatlara görə, Azərbaycanda hər il ümumi orta təhsili 100 mindən çox şagird bitirir, onların 60 faizə yaxını ali təhsil müəssisələrinə qəbul imtahanına qatılır. DİM-in məlumatlarına əsasən, abituriyentlər daha çox texniki, tibb və hüquq sahələrini seçir. Lakin məktəb proqramı bu istiqamətlərdə seçmə imkan vermədiyindən, şagirdlər yalnız imtahan mərhələsində maraqlarını yönləndirə bilirlər. Halbuki “Təhsil haqqında” Qanunun 13-cü maddəsində qeyd olunur ki, ümumi təhsil sistemi şagirdlərin maraq və meyllərinə uyğun inkişafını təmin etməlidir".
Seçmə fənlər motivasiyanı artıracaq, əmək bazarına hazırlayacaq
"Seçmə fənlərin tətbiqi şagirdlərin dərsə marağını gücləndirəcək və gələcək ixtisaslaşmaya hazırlığı daha erkən yaşlardan təmin edəcək. STEM və ya incəsənət yönümlü fənləri seçən şagirdlər gələcəkdə öz sahələrində daha dərin biliklərə malik olacaqlar. ABŞ məktəblərində “elective courses” sistemi uzun illərdir tətbiq olunur və şagirdlərə maraqlarına uyğun əlavə dərslər təqdim edilir. Finlandiyada isə yuxarı siniflərdə şagirdlər öz gələcək ixtisas seçimlərinə uyğun fənləri seçirlər ki, universitet və peşə məktəblərinə daha yaxşı hazırlaşsınlar.
Azərbaycan üçün əsas maneə müəllim resursları və məktəblərin infrastruktur imkanlarının bütün fənlərin paralel seçmə formasında tətbiqinə hələ tam cavab verməməsidir. Bəzi bölgələrdə ixtisaslı müəllim çatışmazlığı və texniki baza məhdudiyyətləri bu modelin tətbiqini ləngidə bilər. Eyni zamanda, şagirdlərin maraqlarını düzgün istiqamətləndirmək üçün güclü peşəyönümlü məsləhət xidməti tələb olunur.
Müqayisədə, inkişaf etmiş ölkələrdə seçmə fənlərin tətbiqi həm təhsil keyfiyyətini, həm də əmək bazarı ilə uyğunluğu artırıb. Azərbaycanda isə model mərhələli şəkildə tətbiq olunsa, IX–XI siniflərdə blok fənlərin seçilməsi ilə başlaya bilər. Bu, şagirdlərin ali təhsilə daha məqsədyönlü hazırlaşmasına və təhsil sisteminin çevikliyinə xidmət edəcək.
Elm və Təhsil Nazirliyi son illərdə tədris planlarının yenilənməsi, fənlərin yükünün balanslaşdırılması və yeni tədris modellərinin sınaqdan keçirilməsi ilə şagirdyönümlü yanaşmanı prioritet edib. Seçmə fənlərin tətbiqi bu siyasətin məntiqi davamı olacaq və Azərbaycanın təhsil sistemini dünya təcrübəsinə daha da yaxınlaşdıracaq".