Azedu.az

Dərsdinləmə nədir və tədris keyfiyyətinə necə təsir edir?

Məktəblər

23 Sentyabr 2025, 08:56
Dərsdinləmə nədir və tədris keyfiyyətinə necə təsir edir?

Dərsdinləmə pedaqoji monitorinq və tədrisin keyfiyyətinin artırılması üçün əsas vasitədir. Bu prosesdə həm müəllimlərin pedaqoji fəaliyyəti, həm də şagirdlərin öyrənmə davranışları sistemli şəkildə müşahidə olunur. Məqsəd dərs prosesində güclü tərəfləri aşkarlamaq, zəif cəhətləri təhlil etmək və tədrisin səmərəliliyini artırmaq üçün elmi əsaslı tövsiyələr formalaşdırmaqdır.

Dərsdinləmə zamanı müşahidə olunacaq fəaliyyətlər iki əsas istiqamətdə aparılır:

1. Şagird fəaliyyəti

2. Müəllim fəaliyyəti

1. Şagird fəaliyyəti

1.1. Şagirdlərin təlim nəticələri

Şagirdlərin fənn üzrə nəzərdə tutulan məzmun standartlarına uyğun bilik və bacarıqlar nümayiş etdirməsi.

Şagirdlərin öyrəndiklərini real həyatla əlaqələndirməsi və digər fənlərlə inteqrasiya etməsi.

1.2. Şagirdlərin irəliləyişi

Dərsin əvvəlindən sonuna qədər nəzərdə tutulan standartlara uyğun bilik və bacarıq səviyyəsində irəliləyiş nümayiş etdirməsi.

Güclü və zəif tərəflərin müəyyən olunması və öyrənmə fəaliyyətlərinin buna uyğun təkmilləşdirilməsi.

1.3. Öyrənmə bacarıqları

Müstəqil işləmə bacarığı, problem həll etmə, yaradıcılıq və tənqidi düşünmə.

Məqsədyönlü əməkdaşlıq və qarşılıqlı ünsiyyət bacarığı.

Öyrəndiklərini əsaslandırılmış şəkildə ifadə etmək və sual vermək bacarığı.

1.4. Şagirdlərin dərsə davamiyyəti

Dərsə davamiyyət və vaxtında gəlmə, dərs zamanı fəallıq.

Şagirdlərin dərsə maraq və motivasiyası, öyrənməyə həvəsi.

2. Müəllim fəaliyyəti

2.1. Öyrətmənin keyfiyyəti

Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsi və şagirdlərlə paylaşılması.

Dərs planının hazırlanmasında şagirdlərin əvvəlki təlim nəticələrinin nəzərə alınması.

Dərs mərhələləri və fəaliyyətlər arasında məzmun əlaqəliliyinin və məntiqi ardıcıllığın təmin olunması.

Təlim fəaliyyətlərinin dərsin məqsədinə xidmət etməsi və üsul/formaların effektiv tətbiqi.

Şagirdlərin fərdi öyrənmə ehtiyaclarının nəzərə alınması və müstəqil fəaliyyətlərin təşviqi.

2.2. Müəllimin şagirdlərlə qarşılıqlı əlaqəsi

Müəllimlərin dərs zamanı şagirdlərlə konstruktiv ünsiyyət qurması və onların dərs prosesinə fəal cəlb olunmasını təmin etməsi.

Effektiv sual-cavab və müzakirə vasitəsilə şagirdlərin yuxarı təfəkkür səviyyəsini inkişaf etdirməsi.

Sağlam psixoloji mühitin yaradılması: hörmət, səbr və tolerantlıq nümayiş etdirməsi.

Şagirdlərin təşəbbüslərini dəstəkləyərək onların müstəqil fəaliyyətinə şərait yaratması.

2.3. Qiymətləndirmə, əks-əlaqə və akademik bələdçilik

Formativ qiymətləndirmə: şagirdlərin öyrənmə fəaliyyətinin izlənilməsi və dərhal geri bildiriş verilməsi.

Şagirdlərin özünüqiymətləndirməsi və qarşılıqlı qiymətləndirmə üçün şəraitin yaradılması.

Qiymətləndirmə meyarlarının dərs məqsədlərinə uyğun olması, vaxtında və müntəzəm tətbiqi.

Gələcəyə yönəlik konstruktiv geribildirim verilməsi və təlim nəticələrinə uyğun təkmilləşdirici fəaliyyətlərin təşviqi.

3. Təlim nəticələrinin SMART prinsipi ilə uyğunluğu

S (Specific): Təlim nəticəsi dəqiq və konkret olmalı, hansı bilik və bacarıqların əldə olunacağı göstərilməlidir.

M (Measurable): Nəticə ölçüləbilən olmalıdır; qiymətləndirmə mümkün olmalıdır.

A (Achievable): Nəticə şagirdin çalışaraq əldə edə biləcəyi səviyyədə olmalıdır.

R (Realistic): Təlim nəticəsi mövcud resurslar və öyrənmə mühitinə uyğun planlaşdırılmalıdır.

T (Time-framed): Nəticə müəyyən bir müddət ərzində əldə olunmalıdır.

4. Dərsin keyfiyyət göstəriciləri

Dərsin məqsədinin düzgün müəyyənləşdirilməsi və şagirdlərlə paylaşılması.

Məzmunun ardıcıllığı və mərhələlərin məntiqi əlaqəsi.

Sual-cavab və müzakirənin effektiv təşkili.

Diferensiallaşma: şagirdlərin fərdi öyrənmə ehtiyaclarının nəzərə alınması.

Sağlam psixoloji mühitin təmin olunması.

Təlim fəaliyyətlərinin və qiymətləndirmənin dərsin məqsədinə uyğunluğu.

Dərsdinləmə zamanı müşahidə olunan şagird və müəllim fəaliyyəti pedaqoji prosesin effektivliyinin əsas göstəricisidir. Şagirdlərin öyrənmə bacarıqları, motivasiyası, müstəqil fəaliyyəti və əməkdaşlıq qabiliyyəti, eləcə də müəllimlərin öyrətmə keyfiyyəti, qarşılıqlı münasibətləri və qiymətləndirmə üsulları dərs prosesinin səmərəliliyini müəyyən edir. Bu müşahidələr vasitəsilə şagirdlərin güclü və zəif tərəfləri müəyyənləşdirilir, müəllim fəaliyyətinin təkmilləşdirilməsi üçün qərarlar qəbul edilir və tədrisin keyfiyyəti yüksəldilir.
 

Örnək müəllim, Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Hüseynova

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox