"Uşağın zehnini işıqlandırmaq üçün öncə onun diqqətinə yol tapmaq lazımdır".
Bu sözləri AzEdu.az-a "İlin gənc müəllim" müsabiqəsinin qalibi Təranə Nuriyeva söyləyib.
O qeyd edib ki, uşaqlar dərs hazırlayarkən tez yorulur, tez bezir, tapşırığı yarımçıq qoyur, sadə məsələlərdə belə səhvlərə yol verirlər:
"Müasir təhsil mühitində diqqət dağınıqlığı həm müəllimlərin, həm də valideynlərin ən çox qarşılaşdığı problemlərdən biridir. Xüsusilə ev tapşırıqlarının yerinə yetirilməsi zamanı bu hal daha qabarıq şəkildə müşahidə olunur. Uşaqlar dərs hazırlayarkən tez yorulur, tez bezir, tapşırığı yarımçıq qoyur, sadə məsələlərdə belə səhvlərə yol verirlər. Bəzən valideynlər bu davranışları tənbəllik və ya məsuliyyətsizlik kimi qiymətləndirir. Halbuki diqqət dağınıqlığı öyrənmə prosesinə birbaşa təsir edən, xüsusi yanaşma tələb edən psixoloji vəziyyətdir".
Diqqət dağınıqlığı olan uşaqlar potensial baxımından zəif olmur:
"Müəllimlik təcrübəmdə tez-tez rast gəldiyim hal odur ki, diqqət dağınıqlığı olan uşaqlar potensial baxımından zəif olmur. Onlar sadəcə öyrənmə prosesini fərqli şəkildə qəbul edirlər. Əgər bu fərqliliyi valideynlər vaxtında anlayıb düzgün yanaşma tətbiq etsələr, uşaqlar həm ev tapşırıqlarını daha səmərəli hazırlayar, həm də dərsə qarşı müsbət münasibət formalaşdırarlar".
Diqqətini toplamaqda çətinlik çəkən uşaqlarda müşahidə olunan əsas əlamətləri bir neçə istiqamətdə qruplaşdırmaq olar:
"Uşaqlarda tez-tez müşahidə olunan problemlərə tapşırıqları yarımçıq qoymaq, yəni başladığı işi davam etdirə bilməmək və diqqətin yayınması, motivasiyanın tez itməsi, bir neçə dəqiqəlik işdən sonra yorulub tapşırıqdan qaçmaq, səhvlərin çoxluğu, sadə misal və ya yazı tapşırıqlarında diqqətsizlik səbəbindən səhvlər etmək, vaxt itkisi, əslində 30 dəqiqəyə tamamlanmalı işin saatlarla uzanması, unutqanlıq, müəllimin verdiyi izahı və ya tapşırığın şərtini tez-tez yaddan çıxarmaq və özünə inamsızlıq, yəni təkrar olunan uğursuzluqlar nəticəsində “Mən bacarmıram” hissinin formalaşması daxildir".
Diqqət dağınıqlığı problemi ilə qarşılaşan uşaqlar üçün valideynlərin dəstəyi həlledici rol oynayır:
"Valideynlər üçün uşaqların diqqət dağınıqlığı və ev tapşırıqlarını yerinə yetirməməsi böyük narahatlıq yaradır. Bu hallar əksər hallarda uşağın sərt şəkildə danlanması, cəzalandırılması və ya dərsə qarşı daha da soyuması ilə nəticələnir.
Uşaqların diqqətini artırmaq və motivasiyasını qorumaq üçün valideynlərin dəstəyi həlledici rol oynayır. Valideynlərin düzgün yanaşması ev tapşırıqlarının icrasını asanlaşdırmaqla yanaşı, uşağın özünə inamını da gücləndirir.
Uşaqlar uzun müddət eyni fəaliyyətə diqqətini cəmləyə bilmədiyindən, tapşırıqları 15–20 dəqiqəlik intervallara bölmək və hər intervaldan sonra 5 dəqiqəlik fasilə vermək tövsiyə olunur. Bu üsul beynin yorulmasının qarşısını alır və uşağın motivasiyasını qoruyur.
Evdə dərs üçün sakit və işıqlı guşə ayrılması, xüsusi iş masası təmin edilməsi uşağın yayındırıcı amillərdən uzaq qalmasına kömək edir. Tapşırıqları kiçik hissələrə bölmək də faydalıdır. Məsələn, bütün riyaziyyatı birdən yox, “ilk üç misalı yaz, sonra davam edərik” kimi mərhələlərlə icra etmək motivasiyanı artırır.
Valideynlər vizual plan və gündəlik cədvəl tətbiq edə, rəngli kartlar, siyahılar və tapşırıq dəftərləri vasitəsilə uşağın işini izləməsini və planlamasını asanlaşdıra bilərlər. Həmçinin, hər tapşırıqdan sonra ulduz, stiker və ya əlavə oyun vaxtı vermək müsbət motivasiya metodudur.
Uşağın yanında olmaq və onu dəstəkləmək vacibdir, lakin valideyn tapşırığı uşağın əvəzinə etməməlidir. Məqsəd izah etmək, yol göstərmək və həvəsləndirməkdir. Səhvlər üzündən uşağı danlamaq əks təsir göstərir, daha çox təşviqedici cümlələr işlətmək tövsiyə olunur, məsələn: “Çox yaxşı başladın”, “Sən bunu bacaracaqsan”, “Bir az da diqqət etsən, əla olacaq”.
Daimi rejim yaratmaq da diqqətin idarə edilməsində əhəmiyyətlidir:
"Hər gün eyni saatda ev tapşırığını hazırlamaq vərdiş formalaşdırır və uşağın psixoloji rahatlığını təmin edir. Praktikamdan nümunə gətirmək istəyirəm. Deməli,dərslərimdə tez-tez qarşılaşdığım hallardan biri belədir: bir şagirdim ev tapşırıqlarını həmişə yarımçıq qoyurdu. Valideyni onu tənbəllikdə günahlandırırdı. Mən isə valideynə məsləhət verdim ki, tapşırıqları 15 dəqiqəlik bloklara bölsün, hər blok bitdikdə isə kiçik mükafat versin. Nəticə çox tez özünü göstərdi. Uşaq ev tapşırıqlarını vaxtında bitirməyə başladı, daha diqqətli oldu və ən əsası, özünə inam qazandı. Bu nümunə göstərir ki, diqqət dağınıqlığını düzgün yanaşma ilə aradan qaldırmaq mümkündür. Nəticədə diqqət dağınıqlığı uşağın tənbəl və ya məsuliyyətsiz olmasından xəbər vermir.
Bu, sadəcə fərqli öyrənmə xüsusiyyətidir və valideynlərin düzgün yanaşmasını tələb edir. Səbr, dəstək və motivasiya vasitələri ilə övladlar ev tapşırıqlarını daha asan və səmərəli şəkildə hazırlaya bilərlər.
Əgər diqqət dağınıqlığı uzunmüddətli xarakter daşıyırsa və öyrənməyə ciddi təsir göstərirsə, mütəxəssis -psixoloq və ya pediatr dəstəyi vacibdir. Çünki hər bir uşaq fərqli öyrənmə sürətinə malik olsa da, doğru istiqamətləndirildikdə böyük uğurlar qazanmaq potensialına sahibdir".