Beynəlxalq araşdırmalar göstərir ki, nisbətən yaşlı müəllimlərin təcrübəsi şagirdlərin nəticələrinə təsir edir. İlk illərdə, xüsusən də ilk 5 il ərzində müəllimlərin öyrətmə qabiliyyəti çox yaxşıdır, həvəslidirlər, amma illər keçdikcə də bu inkişaf davam edir. Təcrübəli müəllimlərin sinif idarəçiliyi, uşaqların psixologiyasını anlama bacarığı və emosional sabitliyi daha yaxşıdır. Digər tərəfdən, gənc müəllimlər texnologiyaya daha açıqdır, yeni üsulları sınamaqda cəsarətlidirlər və şagirdlərin diqqətini dinamik formada cəlb edə bilirlər.
Bu fikirləri AzEdu.az-a açıqlamasında Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva qeyd edib.
Yaşla bağlı zəif tərəflər də nəzərə alınmalıdır
"Müəyyən yaşdan sonra müəllimlərin texnologiyaya adaptasiyası zəifləyə, yeni pedaqoji yanaşmalara maraqları azala bilər. Eyni zamanda, gənc müəllimlər enerjili olsalar da, sinif idarəsi və pedaqoji bacarıq və səriştə baxımından təcrübəli müəllimlərlə müqayisədə geridə qalırlar".
Mentorluq və davamlı təlim balansı təmin edir
"Azərbaycan reallığında isə vəziyyət daha spesifikdir: məktəblərin texnoloji infrastrukturu bərabər deyil. Gənc müəllim texnologiyadan istifadə etmək istəsə də, bəzən məktəbdə şərait yoxdur. Yaşlı müəllimlər təcrübəlidirlər, amma yenilikləri tətbiq etməkdə çətinlik çəkə bilirlər.
Mənim qənaətim budur ki, ibtidai sinif müəllimliyində “ən yaxşı yaş qrupu” yoxdur. Ən doğru yol balansı qorumaqdır. Təcrübəli müəllimlərin biliyi və bacarığı, gənclərin enerjisi və texnologiya üstünlüyü bir-birini tamamlamalıdır. Bunun üçün isə gənc müəllimlər üçün mentor dəstəyi gücləndirilməli, təcrübəli müəllimlərin yeni metodlara adaptasiyası üçün davamlı təlimlər təşkil edilməlidir. Kadr siyasətində isə yaş yox, bacarıq və innovasiya potensialı əsas götürülməlidir. Yalnız bu yolla orta məktəblərdə ibtidai təhsilin keyfiyyəti yüksələ bilər".