2024/2025-ci tədris ilinin statistikasına əsasən Azərbaycanda 146 381 müəllim fəaliyyət göstərib. Onlardan 120 633-ü qadın, 25 748-i kişi müəllimlərdir.
Onlardan neçə nəfəri gənc pedaqoqlardır?
Elm və Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində 20 min 418 gənc müəllim fəaliyyət göstərib.
Lakin dünya təcrübəsi fərqli mənzərə ortaya qoyur.
Avropa İttifaqında müəllimlərin orta yaşı kifayət qədər yüksəkdir. Statistika göstərir ki, Aİ ölkələrində pedaqoqların cəmi 7-8 faizi 30 yaşdan aşağıdır. Yəni məktəblərdə əsasən orta və yaşlı nəsil müəllimlər üstünlük təşkil edir. Bu vəziyyət Avropada gənclərin müəllimlik peşəsinə marağının zəif olması ilə izah olunur.
ABŞ-də göstəricilər bir qədər fərqlidir. Burada müəllimlərin təxminən 14-15 faizi gənc yaş kateqoriyasına daxildir. Hökumət və universitetlər müəllimlik proqramlarına xüsusi maliyyə dəstəyi ayıraraq gəncləri bu sahəyə cəlb etməyə çalışır. Buna baxmayaraq, hələ də peşədə gənc kadrların çatışmazlığı hiss olunur.
Avstraliyada son illərdə maraqlı tendensiya müşahidə edilir. Burada gənc müəllimlərin payı tədricən azalır, əvəzində 40 yaşdan yuxarı şəxslərin peşəyə qoşulması artır. Təcrübəli, lakin yaşlı müəllimlərin üstünlük təşkil etməsi ölkədə təhsil mühitini bir qədər dəyişib.
İngiltərədə isə vəziyyət daha qabarıqdır. Son iki ildə 50 yaşdan yuxarı şəxslərin müəllimlik təlimlərinə qoşulması 67 faiz artıb. Bu, təhsil sisteminə daha çox yaşlı kadrların daxil olduğunu göstərir. Ekspertlər qeyd edirlər ki, səbəblər arasında gənclərin daha gəlirli sahələrə yönəlməsi, müəllimlik peşəsinin sosial nüfuzunun əvvəlki kimi cazibədar olmaması dayanır.
Müqayisə göstərir ki, bir çox ölkələrdə müəllimlik sahəsində gənc kadr çatışmazlığı mövcuddur. Əksinə, Azərbaycanda 30 yaşa qədər olan müəllimlərin payı daha yüksəkdir. Bu, həm təhsil sisteminin gələcək inkişafı baxımından, həm də gənclərin pedaqoji peşəyə marağının qorunması baxımından müsbət göstərici hesab olunur.